Rusiya və ABŞ Aralıq dənizində qüvvələrin sayını artırır – Toqquşma gözlənilir

29-08-2018, 15:51           
Rusiya və ABŞ Aralıq dənizində qüvvələrin sayını artırır – Toqquşma gözlənilir
Bu arada Türkiyə hər hansı bir hücumun qarşısını almaq üçün Suriya ilə sərhəddə qoşun yığmağa başlayıb

Suriyanın İdlib bölgəsində gərginlik artarkən Rusiya və ABŞ regiondakı qüvvələrinin sayını artırır. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Rusiya, Suriyada vətəndaş müharibəsinə müdaxilə etdiyi 2015-ci ildən bəri ən böyük döyüş gəmisi donanmasını Aralıq dənizinə endirib.

ABŞ donanmasının da Aralıq dənizdəki gücünü artırdığı iddia edilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmiləri Rusiyanın Aralıq dənizində hazırda 9 döyüş gəmisinə və 2 sualtı gəmiyə malik olduğunu deyiblər. Rəsmilər Rusiyanın növbəti günlərdə Aralıq dənizinə daha çox gəmi göndərməyi planlaşdırdığını bildiriblər. "Kalibar" raketləri ilə təchiz edilmiş 3 döyüş gəmisinin Dəməşq rejiminin İdlibdə gözlənilən əməliyyata dəstək verəcəyi iddia edilib.

Rusiya Müdafiə Nazirliyindəki bir səlahiyyətli rus donanmasının bölgədəki fəallığı artırmasının əsas səbəbinin İdlib əməliyyatı olduğunu deyib. Həmin donanma gücünün bir tərəfdən Suriyanı dənizdən qoruyacağı, bir tərəfdən də Dəməşq rejiminin İdlib hərəkatına dəstək verəcəyi irəli sürülüb.

ABŞ USS Harry Truman aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb

Xatırladaq ki, Rusiya Dəniz Qüvvələri Suriyada Dera əməliyyatları zamanı da Aralıq dənizinə bir çox döyüş gəmisi göndərmişdi. Ötən gün Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Aralıq dənizdəki ABŞ gəmilərinin Suriyanı hər an vuracağını söyləmişdi.

Digər tərəfdən, Bəşər Əsəd rejiminin İdlibin cənubuna intensiv hərbi güc topladığı müşahidə edilir.

NATO sözçüsü Oana Lunqescu da rus donanmasına məxsus bir neçə gəminin Aralıq dənizinə girdiyini təsdiqləyib.

Bu arada Türkiyə hər hansı bir hücumun qarşısını almaq üçün Suriya ilə sərhəddə qoşun yığmağa başlayıb.

Diplomatik mənbələrə görə, İdlibdə toqquşma baş versə, terrorun əvvəl Türkiyə, İran, İraq, İordaniya, Livana sonra yüz minlərlə qaçqın üzərindən Avropa və Çinə yayılmasına yol açacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.