İlham Əliyev: "Ermənistan Azərbaycanı təxribata çəkir"

30-09-2015, 20:32           

Prezident İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib. İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda ölkə başçısı sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə danışıb.

Azərbaycanı təxribata çəkmək Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.

Prezident bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb.

Son günlər Azərbaycan-Ermənistan sərhədində gərginlik pik həddə çatıb. Sentyabrın 26-a keçən gecədən başlayan gərginlik bu günədək davam edir.

4 gün ərzində 4 azərbaycanlı əsgər şəhid olub, 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb. Ermənistan tərəfindən isə 11 əsgər məhv edilib, 16-sı yaralanıb.

Bundan başqa, Erməni hərbi birləşmələri təmas xəttinə yaxın yerləşən kəndləri və əhalinin təsərrüfatını atəşə tutmağa başlayıb. Bu gecə qarşı tərəf Ağdamın Hacıməmmədli kəndi ərazisindəki dinc sakinlərə məxsus fermanı hədəf alıb. Atəş nəticəsində fermadakı ot tayasını alov alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.