Elmar Qasımov müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək
21-07-2016, 11:25

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Bizimyol.info xəbər verir ki, Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin dünənki qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə məlumat verib. Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi bildirilib.
Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı, müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək.
“Qafqaz Universiteti kifayət qədər reytinqi olan bir ali təhsil müəssisəsidir və fəaliyyətini davam etdirəcək. Ali təhsil müəssisəsinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər”, – mərkəzdən bildiriblər.
Azərbaycan mətbuatında tez-tez Qafqaz Universitetinin Fətullah Gülənlə əlaqəsi olduğu yazılır. Son günlər Türkiyədə baş verən hadisələrdə prezident R.T.Ərdoğan ABŞ-da yaşayan Fətullah Güləni ittiham edir.
Bundan əvvəl Fətullah Gülənlə əlaqəsi olduğu deyilən Türk liseyləri, hazırlıq kursları da Azərbaycanda bağlanmışdı. Belə ki, bir neçə il əvvəl Azərbaycanda fəaliyyət göstərən Çağ Öyrətim məktəblərinin bəziləri Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə verilmişdi.
O vaxt vitse-prezident Xaliq Məmmədov bunu onunla əsaslandırmışdı ki, “Çağ Öyretim” rəhbərliyi türk məktəblərin Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil edilməsini könüllü istəyib. SOCAR Beynəlxalq Təhsil Mərkəzinin əsas sponsorudur.