İri sahibkarın nəyi olmalıdır - 30 milyon manatı, 200-dən çox işçisi və...
28-12-2018, 10:10

Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinin bölgüsünə dair qaydalarında nələr var...
Dekabrın son ongünlüyü Azərbaycanda sahibkarlığın inkişafına yönəlik bir sıra addımlarla yadda qaldı. Belə ki, Nazirlər Kabineti sahibkarlıq subyektlərinin bölgüsünə dair qaydaları təsdiq etdi.
Bu qaydalara əsasən işçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab olunacaqlar. İşçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar kiçik sahibkarlıq subyekti hesab ediləcəklər. İşçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3-30 milyon manat olanlar orta, işçi sayı 251-dən, illik gəliri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunacaqlar. Sahibkarların illik gəlirinə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Bu qərarla yanaşı, bir neçə gün əvvəl ölkə prezidenti tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” fərman imzalandı. Fərmana əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir. Bu sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz. Sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən geci 20 gün ərzində həyata keçirilir.
Bundan əlavə, təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq informasiya sistemlərində yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsini təmin etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik-informasiya departamentinin analitiki Nərmin Kazımlı hesab edir ki, fərmana və təyin olunan prioritetlərə uyğun olaraq zəruri sənədlərin alınmasında “bir pəncərə” sisteminin tətbiq edilməsi və subyektlər arasında qarşılıqlı fəaliyyətin optimallaşdırılması məqsədilə müəyyən tələblər formalaşdırılıb: “Belə ki, artıq sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB) və ”ASAN Kommunal" mərkəzlərində edilməsi imkanı yaradılır".
N.Kazımlı onu da qeyd edir ki, tikinti obyekti üçün tikintiyə icazə icraatı prosesində texniki şərtlərin əldə edilməsi, tikintiyə icazə verən orqana müraciət əsasında müəyyən tələblər üzrə veriləcək: “Başqa sözlə, texniki şərtlər qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma, eləcə də qoşulma nöqtələrinin dəyişdirilməsi üzrə ödənişsiz olaraq veriləcək. Qoşulma və buraxılış həcmlərinin dəyişdirilməsi ilə bağlı vahid haqlar Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Nəticə etibari ilə isə kommunal xidmətlərin təmin edilməsi istiqamətində sahibkarların bir platformadan müraciət edərək lazımi sənədləri təqdim etməsi imkanının yaradılması, vahid dövlət rüsumunun müəyyənləşdirilməsi və qısa müddət ərzində fiziki qoşulmanın təmin edilməsi Azərbaycanın ”Doing Business" və digər beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə də təsir edəcəyi gözlənilir".
İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, yanvarın 1-dən ölkədə yeni vergi dəyişiklikləri işə düşür: “Hələ bunun nə kimi effekt verəcəyi bəlli deyil. Lakin əsas məqsəd bəllidir; ölkədə kiçik və orta sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, qeyri-neft məhsulları istehsalını və ixracını genişləndirmək... Ümumiyyətlə, sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması hökumətin sosial-iqtisadi syasətinin əsasını təşkil edir. Bu baxımdan, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması məsələnin tərkib hissəsini təşkil edir. Belə ki, burada şəffaflığın təmini, proseduru sadələşdirilməsi, vaxt itkisinə yol verilməməsi diqqət mərkəzində saxlanılmaqdadır. Xatırladım ki, beynəlxalq qurumların ölkəmizə dair hesabatlarında da bu sahədə görülən işlər yüksək qiymətləndirilməkdədir. Elə prezidentin sonuncu dəfə imzaladığı fərmanda da mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi üzrə yeni tələblərin ortaya qoyulması bununla əlaqədardır. Sahibkarlara qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulmaq, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlərin ödənişsiz veriləcəyi, bundan başqa dəyişdirilməsi zamanı hökumətin müəyyən etdiyi haqlardan əlavə heç bir ödənişin tələb edilə bilməyəcəyi və sair, dövlət tərəfindən öz üzərinə düşən nə öhdəliklər varsa, bunları hər cəhətdən təmin edəcəyi deməkdir. Ümumiyyətlə, bir var, maliyyə və stimullaşdırıcı tədbirlər, bir də var ki, texniki şəraitin təmini. Hökumət bunları paralel icra etməkdədir”.
Dünya SAKİT,
“Yeni Müsavat”