ƏDV-nin qaytarılan hissəsini nə vaxt və necə ala bilərik?
10-01-2019, 21:59

Məlum olduğu kimi, bu ilin aprel ayından ƏDV-lərin geri qaytarılmasına başlanılacaq. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bu ildən bir sıra vergi güzəştləri tətbiq edilir ki, onlardan biri də ticarət və iaşə müəssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır. Ödənişi post terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.
Qeyd edək ki, Azərğaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 15.25 manat ƏDV hesablanır (100 * 18/118). Nəticədə ödənişi POS terminalla edən müştərilər alqı-satqının 2,29%-i yəni hər 100 manata görə, 2,29 manat, kassa çeki ilə edənlər isə 1,52%-i yəni 1,52 manat ödəniş alacaqlar.
Vergilər Nazirliyindən bildirilir ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilərdə stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox "axsadığı" sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.
Qeyd edək ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Lakin hələ ki, ƏDV-nin qaytarılması qaydaları hazırlanmyıb. Bu qaydalanın hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər. Həmin müddətə qədər edilən alqı-satqılar üçün də vergiləri geri almaq mümkün olacaq. Bunun üçün vətəndaşların kassa və digər çekləri saxlamalıdırlar.
Mövzunu musavat.com üçün şərh edən Əkrəm Həsənov bildirib ki, vətəndaşların istehlakçı kimi mağaza və marketlərdən aldıqları kassa çekləri və ictimai-iaşə obyektlərində, kafe və restoranlarda verilən çeklər saxlanılmalıdır: “Ödənişin 18 faizini ƏDV təşkil edir, bu da çeklərdə göstərilir. əgər vətəndaş ödənişi nağd edibsə, onun 10 faizi, nağdsız edibsə 15 faizi qaytarılmalıdır. Hələ ki, bu vəsaitin qaytarılması mexanizmi ilə bağlı qaydalar yoxdur. Ancaq hər bir halda vətəndaşlar çekləri tələb etməlidirlər. Mağazada, ticarət mərkəzlərində alış-veriş edirkən, kafe və restoranda yemək yeyərkən qəbz tələb etsinlər və onu saxlasınlar. Burada əsas məqsəd vətəndaşları marketlərdən, kafelərdən çek tələb etməyə təşviq etməkdir. Bu gün əsas problemlərdən biri də sahibkarlıq obyektlərində qeyri-rəsmi dövriyyədir. Çek vurmadıqları üçün vergidən yayına bilirlər. ƏDV-nin qaytarılması vətəndaşlarda maraq yaradacaq ki, çeki alsınlar və nağd şəkildə deyil, nağdsız ödəniş etsinlər. Çünki orada 5 faiz fərq var.
Bu vəsaitin hansı dövlət qurumu tərəfindən ödəniləcəyinə gəlincə, Ə.Həsənov bildirdi ki, ƏDV-nin qaytarılması mexanizmi ilə bağlı qaydaları qəbul olunduqdan sonra bu məsələ də bəlli olacaq: Hələ ki, bu haqda konkret fikir yoxdur. Qaydalar qəbul olunduqdan sonra bunu biləcəyik. Böyük ehtimalla elə Vergilər Nazirliyi bunu həyata keçirəcək. Yəqin ki, vətəndaşlar hər dəfə yox, xeyli çek yığdıqdan sonra müraciət edə bilərlər. Mən ehtimal edirəm ki, həmin vəsait vətəndaşlara nağd yox nağdsız qaydada qaytarılacaq”.