Ad günündə geri çağırılan səfirimiz kimin oğludur? – Dosye
16-01-2019, 07:37

Prezident İlham Əliyev 15 yanvar tarixində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadənin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.
1992-93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.
1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
2010-11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.
16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.
Diplomatımızın atası isə görkəmli alim Qüdrət Seyfulla oğlu İsmayılzadədir. 1934-cü il təvəllüdlü Q.İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.