Yeni binalarda idarəetmə MTK-lardan alındı
18-01-2019, 08:40

Qaydanı pozanlar ciddi məbləğdə cərimələnəcək
Azərbaycanda, o cümlədən Bakıda tikintisi başa çatmış və artıq məskunlaşmış bütün yeni tikililərin MTK-lardan alınaraq idarəedici şirkətlərə və sakinlərə təhvil verilməsinə başlanır. Xəbər verildiyi kimi, prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Məcəlləyə əsas dəyişikliklər mənzil qanunvericiliyinin pozulması ilə əlaqədardır. Belə ki, yeni tikililərin tikintisi başa çatdıqdan və həmin binadakı mənzillərin ümumi sayının əlli faizindən çoxu sakinlərin mülkiyyətinə keçdikdən sonra bir ay müddətində MTK ləğv edilməli və bina sakinlərinin yaratdığı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə təhvil verilməlidir. İnzibati Məcəlləyə edilən dəyişikliklər də bununla bağlıdır ki, bu proses üçün zəruri tədbirlər görməyən vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər beş min manat cərimə ediləcək.
Qeyd edək ki, qanunvericiliyə əsasən, çoxmənzilli binaların sakinləri binanı idarə etmək üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradıldıqdan sonra bu təşkilatın qərarı ilə bina idarəedici şirkətə verilməlidir.
Sakinlər özləri bu məsələni həll etməsələr, bu işlə binanın yerləşdiyi bələdiyyə məşğul olacaq. İnzibati məcəlləyə edilən digər yenilik də bələdiyyələrin cərimələnməsinə aiddir.
Sözügedən dəyişikliyi “Yeni Müsavat”a açıqlamasında şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, MTK-lara 1 ay vaxt verilib və bu qaydaları pozanları cərimələr gözləyir: “Mənzil Məcəlləsinin 141.4-cü maddəsinə görə çoxmənzilli bina sakinləri altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçməzsə, bu halda bələdiyyə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Əgər bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməzsə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarı həyata keçirilməzsə, bələdiyyə idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bu addımlar atılmazsa, bələdiyyələrin vəzifəli şəxsləri 300-500 manat cərimə ödəməli olacaqlar. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2000 manatadək cərimə edilir. Bina sakini ona məxsus olan sahənin saxlanması xərclərini, habelə binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin 100 faizdən 150 faizinədək cərimə edilir. Əgər kimsə çoxmənzilli binanın sahə mülkiyyətçilərinə binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədərsə, vəzifəli şəxslər 300 manatdan 800 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir”.
İqtisadçının sözlərinə görə, MTK-ların MMMC-lərlə əvəz olunması mənzil mülkiyyətçiləri üçün müsbət bir addım olacaq: “Mənzil Məcəlləsi 2009-cu ildə qəbul edilib və artıq 10 ili tamam olur. Bu məcəlləyə görə yaşayış binalarının iki cür idarəetmə forması var. Biri var Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) - burada insanlar toplanıb bir qurum yaradır və özləri idarə edirlər. İkinci isə bilavasitə idarəetmədir. Bu halda bir şirkətlər müqavilə bağlanır və onlar gəlib binanın idarə edir, problemlərini həll edir. Azərbaycanda isə bu vaxta qədər təxminən 100-ə qədər MMMC yaradılıb, əslində bunların sayı daha çox olmalı idi. Sonuncu dəyişiklik MTK-ları məcbur edəcək ki. binaları MMMC-lərə təhvil versinlər. Daha sonra bina hansısa şirkətə idarəetməyə verilə bilər. Eyni zamanda Mənzil İstismar Sahələrinin (MİS) idarəetməsində olan köhnə sovet binalarında da MMMC yaradılacaq və MİS-lər kənarlaşdırılacaq. Onların fəaliyyəti onsuz da qanunsuzdur”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”