Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır... - İLGİNC
29-10-2015, 15:44
Eynulla Fətullayev, Budapeşt-Bakı
-Səninlə təcili görüşməyim lazımdır. Neçə illərdir araşdırdığın məsələyə dair çox vacib informasiya əldə etmişik...
Mən bu doğma səsi çoxda idi eşitmirdim. Əlbəttə ki, Kristina Xereanın səsini. Bu xanım jurnalistlə sonuncu dəfə Strasburqada görüşmüşdük. O, Rumıniya nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətini işıqlandırmağa gəlmişdi. Bizi Rumıniyanın Avropa Şurası Nazirlər Kabinetindəki səfiri, hələ 2009-cu ildə məni Bakı türməsində ziyarət etmiş Stefan Stoyan tanış etmişdi.
Kristinanın gözlənilməz zəngi gələndə mən Budapeştdə idim. O, mənə rumın mafiyasının xaç atası Niku Geara, həmçinin türk mənşəli kriminal Sabit Danış və... Edqar haqda həvəslə danışır.
Bu adların heç biri mənə tanış deyildi. Çünki korrupsiyalaşmış piramidaların Şərqi Avropa ölkələrinin, xüsusilə də həmin bu Rumıniyanın siyasi isteblişmentinə təsirləri haqda məlumatlı olsam da Rumıniya gerçəkliklərinə çox da dərindən bələd deyiləm.
Elə Macarıstanın özündə də korrupsiya sisteminin məngənəsində getdikcə daha çox sıxılıb əzilən və yoxsullaşan macarların narazılığını hər addımbaşı eşitmək olar. Onlar baş nazir Orbanın ünvanına lənətlər yağdırır. Bu adamın adı macar elitası üçün çoxdan bəri lənət ünvanına çevrilib. Macar elitası dünya tarixinin gedişatını nəhayət ki, anlayıb. Anlayıb ki, zahiri Avroatlantik bər-bəzək sovetizmin sosial yaralarını gizlədə bilməz. Bu yaralar cəmiyyəti yeyib-gəmirməkdə davam edir. Şərqi Avropa ölkələrində sosial ənənələr və institusional normalar siyasi mədəniyyətin bir elementi kimi hələ də təşəkkül tapmayıb. Halbuki bu siyasi mədəniyyət korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizədə ən vacib elementdir. Öz ölkələrini Avropa İttifaqının bayrağı və Qərbi Avropa siyasi mədəniyyəti brendi altında idarə edən siyasətçilər - Zeman və Orban isə sovet canişinləri Qusak və Kadarın şinelindən sanki elə indicə çıxıblar...
Mən elə Avropanın qeyri-sovet hissəsindəki siyasi metamorfozalar barədə düşünürdüm ki, Kristina məni daha böyük şok yaradacaq gerçəkliklərlə üz-üzə qoydu.
Demə, Rumıniyanın məşhur jurnalist təhqiqatları mərkəzi öz saytında rumın mafiyasının xaç atası Niku Geara haqda sensasion araşdırma yazısı dərc edibmiş. Əgər Azərbaycanın məşhur səfirinin adı bu hay-küylü işdə keçməsəydi, həmin saytdan müəmmalı şəkildə yoxa çıxan o araşdırma yazısı bəlkə də diqqətimizi çəkməzdi.
Edqarın adı bu mafioz qruplaşma ilə əlaqələrdə çəkilirdi. Kristina bu haqda susa bilməzdi. O, Rumıniyanın bütün ictimai rəyini silkələmiş bu sensasion məsələ haqda fikirlərini mənimlə bölüşmək istəyirdi.
-Hansı Edqar axı? Bizim bu adda səfirimiz yoxdur və olmayıb! - deyə mən Kristinanı inandırmağa çalışıram.
Amma əbəs yerə. Kristinanın yeni açıqlamaları azərbaycanlı korrupsionerlə kriminal rumın şəbəkəsinin maraqlarının necə üst-üstə düşdüyünü, necə çulğaşdığını göstərən aşkar faktları ortaya çıxarır.
-Krstina, bir dəqiqə icazə ver. Söhbət axı hansı Edqardan gedir? Bizim belə bir səfirimiz olmayıb. Bunu sənə deməkdən yoruldum - bir daha deyirəm.
-Sizin səfir Eldar Həsənov Rumıniyada Edqar adı ilə tanınır - cavabı bu olur.
Kristinanın bu son sözləri məni rumın jurnalistlərinin həmin araşdırması ilə tanış olmağa təhrik edir. Axı burada maraqlı bir məqam vardı. Başda Emil Bok olmaqla rumın hökumətinin istefasına gətirib çıxarmış 2012-ci il “məxməri inqilabı”ndan dərhal sonra Eldar Həsənov Buxaresti təcili şəkildə tərk edərək Bakıya qayıtmış,- Bakıda onu heç kim gözləməsə də,- və səfir postundan istefa verdiyini bəyan etmişdi. Bu da əsla təsadüfi deyildi.
Bu hadisə təbii də deyildi. Hətta kifayət qədər qəribə və müəmmalı idi. Azərbaycan siyasi elitasına xas olmayan hadisə baş vermişdi. Azərbaycanda indiki hakimiyyət dövründə heç kəs könüllü istefaya getmir. Bu sistemdə yalnız birgə addımlamaq var. Çünki Əliyev siyasi mədəniyyəti vəzifədən istefanı siyasi xəyanətə bərabər tutur.
Eldar Həsənov bunu bilirdimi? Şübhəsiz ki, bilirdi! Sərt oyunçu, amansız rəqib, istedadlı yaltaq, “siyasi ürəklər oğrusu” və saray intriqaları ustası olan Eldar Həsənov öz addımlarında adətən çox ehtiyatlıdır. Həsənov olduğu ölkədə (Rumıniyada) kütləvi iğtişaşların törətdiyi mürəkkəb fors-major vəziyyətinin ağırlığı altında və iflasın bir addımlığında ikən öz çirkli əməllərinin izlərini silməyə var gücünü sərf edərək birmənalı şəkildə bildirdi ki, bir daha həmin ölkəyə qayıtmayacaq. İllah da oradakı hakimiyyət dəyişikliyindən sonra!
Mən bu qənaətə hələ 2013-cü ildə gəlmişdim. Lakin Rumıniya jurnalist təhqiqatları mərkəzinin araşdırması və rumın həmkarlarımın sadaladığı faktlar Eldar Həsənovun Buxarestdən qaçışının mahiyyətini daha çılpaq şəkildə ortaya qoyurdu.
Bu Niku Geara kimdir?
Niku Geara ilə Eldar Həsənovun münasibətlərinin təfərrüatları barədə danışmazdan əvvəl gəlin bu suala cavab axtaraq: rumın mafiyasının xaç atası olan bu Niku Geara kimdir?
Keçmişdə peşəkar futbolçu və qlamur tədbirlərin təşkilatçısı olan Niku Geara fəal sosial həyat tərzi keçirir. O, məşhur adamların - siyasətçilərin və musiqiçilərin, aktyorların və xüsusi xidmət orqanları əməkdaşlarının iştirakı ilə müxtəlif ziyafətlər və gecələr təşkil edir. Bütün bu tədbirlər mətbuatda geniş işıqlandırılır.
N.Geara öz xeyirxah və xeyriyyəçi imicini formalaşdırmağın qayğısına qalmağı da unutmur. Bu məqsədlə əlinin altında ictimaiyyəti öz patronunun “böyük əməlləri” barədə məlumatlandırmağa hər dəqiqə hazır olan böyük reportyorlar ordusu saxlayır.
Ən maraqlısı budur ki, Gearanın əksər yerli dostları hay-küylü “Karma” işi üzrə narkotik qaçaqmalçılığında ittiham olunub. “Karma” isə N.Gearanın indi sahibi olduğu diskotekanın adıdır.
Bu diskotekanın əvvəlki sahibi Sorin Sapunaresku olub. S.Sapunaresku ekstazi həblərinin qaçaqmalçılığı ilə məşğul olduğuna görə Almaniyada həbs edilib. S.Sapunaresku öz narkotik ticarəti şəbəkəsini pərdələyib gizlətmək üçün Rumıniyanın Manqali adlı liman şəhərindən olan qaçaqmalçı Nuredin Beynurla birlikdə bir neçə şirkət yaratmışdı.
Jurnalist təhqiqatı mərkəzinin bildirdiyinə görə, Niku Geara o şirkətlərdə pay sahibi idi.
Geara bandasının üzvü
N.Gearanın tədbirlərinin daimi iştirakçısı olan Florin Yozef adlı biri də bu bandanın üzvü idi. Florin Yozef narkotik ticarətinə görə hazırda ABŞ həbsxanasında cəza çəkir. “Karma” işi Rumıniyada başlayıb, lakin bu işi Almaniya və ABŞ hüquq-mühafizə orqanları başa çatdırıb.
S.Sapunareskunun bandası Rumıniyanın özündə çox ciddi və yüksək səviyyəli himayə altındadır. Ona görə də bu banda barədə hər hansı adekvat tədbir görülmür. Bu şəbəkə hətta 2012-ci ildəki “məxməri inqilab”dan sonra da rumın elitasına güclü təsirini qoruyub saxlaya bilib.
Niku Geara İtaliya, Rusiya, Azərbaycan və ABŞ-ın kriminal dairələrinin nümayəndələri ilə əlaqələrinə görə də məşhurdur. N.Gearanın məsələn, “Ciro’s Pomodoro” pitseriyalar şəbəkəsinin sahibi Çiro Orsini ilə sıx əlaqələri var.
Ç.Orsininin adı isə məşhur amerikalı model Cill Uezervaksın qətlində keçir. İtalyan mafiozun Cillə münasibətləri vardı və modelə karyerasında kömək etmişdi. Cill Orsini ilə ayrılandan sonra isə qadının meyiti tapıldı.
Ç.Orsini karyerasına onun Los-Ancelesdəki ilk pitseriyasının meneceri kimi başlayan amerikalı mafioz Franko Nikoletti ilə də çox yaxın idi. Sapunaresku kimi Orsini də ABŞ və Böyük Britaniyadakı rus mafiyasının nümayəndələri ilə də sıx əlaqələrə malik idi. Söhbət Sergey Skobeltin və Rodion Sokrovişşukdan gedir. Hüquq-mühafizə orqanları bu iki sonuncu şəxsi narkotik ticarətində və Qərbdə keçmiş SSRİ ölkələrindən olan fahişələrin satılmasında şübhəli bilir.
S.Skobeltin ABŞ Dövlət Departamenti tərəfindən “qara siyahı”ya salınana və ABŞ ona viza verməkdən imtina edənə qədər 8 milyon dollara aldığı iki bahalı gecə klubunun sahibi idi. ABŞ hakimiyyət orqanları onu Kazan kriminal qruplaşmasına yaxın olmaqda şübhəli bilir.
Edqar və Geara
İndi isə biz Niku Geara əhvalatının Azərbaycan oxucusu üçün çox maraqlı olacaq epizoduna yaxınlaşırıq. Söhbət Edqardan, yaxud Azərbaycanda və onun hüdudlarından kənarda yaxşı tanınan şəxsdən - Rumıniyadakı sabiq, Serbiyadakı indiki səfir Eldar Həsənovdan gedir.
Eldar Həsənovun hələ Bakıda baş prokuror postunda olarkən oyun biznesinə sonsuz maraq göstərməsi dillər əzbəridir. Bu mənhus şöhrəti bizim səfirin yaxasını Buxarestdə də buraxmayıb. Həsənovun CD 206 101 dövlət nömrə nişanlı xidməti avtomobilini Geara və Sapunaresku bandasının nəzarətindəki oyun biznesi obyektlərinin qarşısında kifayət qədər tez-tez görmək olardı. Eldar Həsənov bu müəssisələrə öz şəxsi sürücüsü Vasile Stanla birgə gələrdi.
Rumıniyalı jurnalistlər bildirir ki, oyun biznesi obyektlərində nəvazişlə “Edqar” deyə çağırılan Eldar Həsənov bu kazinoların daimi müştərisi idi. İlkin məlumatlara görə, Eldar Həsənovun kriminal biznesin bu seqmentində birbaşa maraqları vardı.
Şübhəsiz ki, Eldar Həsənov əksər ölkələrdən olan kriminal ünsürlərdən ötrü cazibə mərkəzi sayılan N.Gearanın kimliyi və keçmişi barədə demək olar ki, hər şeyi bilirdi.
Bu da əsla təsadüfi deyildi ki, Eldar Həsənov Azərbaycanın Rumıniyadakı səfirliyinin binasını məhz Niku Gearadan satın almışdı. Və bu alqı-satqı sövdələşməsindən Həsənova etibarlı adamı, şəxsi sürücüsü Vasile Stan vasitəsilə babat “otkat” da çatmışdı.
Azərbaycan səfiri ilə rumın mafiyasının maraqları görünür, o qədər sıxlaşmış və üst-üstə düşməyə başlamış, yaxınlıq o səviyyəyə çatmışdı ki, Eldar Həsənov Niku Geara şəbəkəsini Azərbaycan səfirliyinin diplomatik nömrələri ilə təmin etməyə başlamışdı.
Yəni “Edqar” Rumıniyada hər iki nəfərdən birinin haqqında açıq danışdığı bu şəbəkənin biznesinin kriminal mahiyyəti barədə məlumatsız olmaya bilməzdi. Axı E.Həsənov Rumıniyada “Serghei Limited İnc.” Şirkətini təsis edən Sapunaresku və Skobeltin şəbəkəsinə də Geara vasitəsilə çıxmışdı. Bu şirkət əsasən neft və neft məhsulları satışı ilə məşğul idi.
Eldar Həsənov digər kriminal ünsür Sabit Danışla da yaxın idi. Yeri gəlmişkən, S.Danış da Rumıniyada Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli maşında gəzib-dolaşırdı. Bu isə həm ona, həm də bütün kriminal şəbəkəyə siyasi toxunulmazlıq və diplomatik immunitet verirdi.
Onu da deyək ki, bu şəbəkə həm də insan alveri ilə məşğul olurdu. Buna görə də həm rumın xüsusi xidmət orqanlarının, həm də rumın araşdırmaçı-jurnalistlərinin diqqətini cəlb etmişdi.
***
Azərbaycanın ən məkrli və qəddar siyasətçilərindən birinin yeni əməlləri haqdakı bu əhvalatı böyük maraqla dinləyirəm. Və həmsöhbətlərimə onu da xatırladıram ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin adı təkcə kriminal Geara şəbəkəsi işində çəkilmir. Azərbaycan əsginaslarının Vyanada çapı ətrafında yaranmış nəhəng korrupsiya qalmaqalını və Avstriyadakı hay-küylü məhkəmə prosesini də onlara xatırladıram. Axı nağd pullar Vyanaya iri sellofan torbalarda məhz Buxarestdəki səfirliyimizdən daşınmışdı...
Mənim dediklərimi dəhşət içində dinləyən həmkarlarım sözlərimi təsdiqləyirmişcəsinə başını yelləyir. Sonra da məni bu kriminal sindikatın izinə düşməyə çalışan araşdırmaçı-jurnalistlər qrupuna qoşulmağa dəvət edirlər.
“Sən “Edqar”ı özün araşdırarsanmı?” - Kristina sual edir.
Kristina bu sualı verir. Bununla belə Azərbaycanın ən qorxulu məmurlarından biri ilə döyüşə girməyin nə qədər təhlükəli olduğunu o da anlayır.
“Mən onun izinə düşərəm” - deyə inamla cavab verirəm.
Sonra da transmilli cinayətkar şəbəkələrə cəlb olunmuş azərbaycanlı siyasətçilərin kriminal fəaliyyətinin xronikasını qurdalamaqda davam edirəm. Biz onların izinə düşəcəyik...