Qaz limiti ilə bağlı şikayətlər çox idi - Enerji Məsələlərini Tənzimləmə Agentliyi
18-11-2019, 15:13

Bu ilin yanvar-oktyabr aylarında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 3 minə qədər şikayət daxil olub və onların əksəriyyətinə baxılıb.
“Report” xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Samir Axundov bildirib.
Bununla belə, o bəzi şikayətlərin rəhbərlik etdiyi quruma aidiyyətinin olmadığını qeyd edub.
“Şikayətlərin 2 008-i elektrik enerjisi təchizatı, 853-ü təbii qaz təchizatı, 19-u istilik təchizatı, 82-i kadrlarla bağlı olub. 15 müraciətin isə bizə aiddiyyəti olmayıb. Bu müraciətləri kargüzarlıq qaydasında müvafiq qurumlara yönəltmişik.
10 ay ərzində daxil olmuş müracuətlərin 2 538-i icra edilib, 120-i icradadır, 291-i məlumat üçün daxil olub, 28-i isə müştərək icra olunur. Bizə qaz limiti ilə bağlı çox şikayətlər daxil olurdu. Biz də onları toplayıb nazirlik səviyyəsində dövlət başçısına çatdırdıq və prezident qaz limitini artırdı”, - deyə o, qeyd edib.
S.Axundov həmçinin istehlakçılara müraciət edib: "Əgər sizin enerji, qaz və istilik təchizatı ilə bağlı hər hansı çətinliyiniz varsa, xahiş edirik bizə müraciət edin, biz də bu məsələləri araşdırıb həll edək. Bəzən biz istehlakçının hüquqlarını qorumaq üçün məhkəmələrə də müraciət edirik".