Oqtay Əsədovun ailə üzvü 366 tenderin qalibi olub

4-12-2019, 00:33           
Oqtay Əsədovun ailə üzvü 366 tenderin qalibi olub
Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu bildirilən “Arash Medical Company” MMC 9 ildə 250 milyon manatlıq tenderin qalibi olub.

Reyting.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə məlumat yayıb. “Arash Medical Company”nin 9 il ərzində 366 tenderin qalibi olduğu bildirilir. Məlumata görə, bu satınalmaların əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur.

Vergilər Nazirliyinin reyester məlumatlarında qeyd olunur ki, “Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb.

Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-dadır. “Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız “Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o “Arash Medical Company”nin direktoru kimi təqdim edilib.

Lakin mediada MMC-nin faktiki sahibinin Cavid Əsədov olması haqda çoxsaylı materiallara rast gəlinir. Qeyd olunur ki, 2014-cü ildə Cavid Əsədovun adı Elnur adlı şəxsin törətdiyi dələduzluq əməllərində də hallandırılıb.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Elnur yüksək vəzifəli şəxslərə məxsus şirkətlərdən iri məbləğlərdə pul alaraq ölkəni tərk edib. Bu məsələdə deputat Elmira Axundovun oğlu Həbib Axundovla yanaşı Cavid Əsədovun da fiqurant olduğu iddia edilirdi. Sonradan isə hər iki şəxsin əslində zərərçəkən olması barədə məlumatlar yayıldı.

Teref.az məsələdə adları hallanan şəxslərin fikirlərinə yer ayırmağa hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.