Kirayə ev ipotekası bahalaşma gətirə bilər - mənzil bazarından reportaj
28-12-2019, 09:32

Ekspertə görə, kirayə evə kreditlə sahiblənmək imkanı yeni tikililərdə qiymət artımına gətirə və bir neçə evi olanlara qadağa olmaması problem yarada bilər; layihə bütün aztəminatlı ailələri əhatə etməyəcək; ilkin ödəniş tələbi və digər şərtlər kasıblara sərf edəcəkmi?..
“Əgər kirayə ev bazarına nəzarət olmasa, onda hər kəs vəziyyətdən istifadə edib ağzına gələn qiyməti ”oxuyacaq". Onda bunun harası kirayə ipotekası oldu?"
Bunu bizimlə söhbətində metronun “Neftçilər” stansiyası yaxınlığındakı parkda ev dəllalı olan Əziz söylədi. Onun sözlərinə görə, kirayə mənzildə yaşayanların kredit ödəyərək sonda həmin mülkə sahiblənməsi imkanı yaxşı sosial proqramdır, amma əmlak bazarında qiymətlər tənzimlənməlidir.
Kirayə ev “makleri” deyir ki, bu işin təşkilində çoxlu problemlər meydana gələcək: “Əvvəla, mənzilin sahibinin belə niyyəti varsa, qiyməti qaldıracaq ki, evi götürən adamdan aylıq daha çox pul alsın. Ona görə ev qiymətləndirilməlidir, bazara uyğun məbləğ hesablanmalıdır, yoxsa heç kəsə bu cür kirayə ipotekası sərf eləməz. Sonra kirayə evlərin bahalaşmasına imkan verilməməlidir, mənzillərin konkret ünvanlar üzrə siyahısı olmalıdır. Bir məsələ də var ki, evini kirayə verənlər nəzərə alınmalıdır. Onların heç də hamısı buna razılıq verməyəcək. Bəziləri bu yoldansa evini satacaq, bəziləri ancaq kirayə vermək istəyəcək. Çünki gec-tez ev əlindən çıxır və kirayəçinin şəxsi əmlakı olur”.
Söhbətləşdiyimiz ev dəllalları danışırlar ki, bu günə evlərin aylıq kirayəsi 300-350 manatdır. Əgər şəhərdən kənarda birotaqlı evdə kirayədə qalırsansa, 120-150 manat arasında dəyişir. Əksər kirayə evlər isə iki otaqlı olur və 300 manatdan aşağı tapmaq çətindir. Onlar isə şəhərdən aralıda, şəraiti bir o dərəcədə ürəkaçan deyil, təmirə ehtiyacları var. Kirayə ipotekasına girən vətəndaş isə istəyəcək ki, sonda sahib olacağı mənzilin şəraiti normal olsun, aylıq ödəniş də ənənəvi kirayə məbləğindən fərqlənsin.
Hazırda kirayə ev bazarında sabitlikdir. Yəni nə bahalaşma, nə ucuzlaşma var. İntəhası, ev “makler”ləri deyirlər ki, yanvardan başlayacaq kirayə evə sahib olmaq şərtləri əksər kirayəçiləri qane etmir: “Çünki kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir. Əgər aylıq 300 manat kirayə hesablasaq, 12 aya bu məbləği vuranda ilkin ödəniş olaraq 3600 manat ödəməlidir. Kirayədə yaşayanların sosial vəziyyətini təsəvvür eləsək, onların çoxu bu məbləği qabaqcadan verə biləcəklərmi?”
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Yeni Müsavat”a bildirdi ki, bahalaşma olacağını düşünmür. Onun sözlərinə görə, lakin bu layihənin mənzil bazarına yan təsirləri gözləniləndir: “Çünki İpoteka Fondunun timsalında bazara yeni alıcı daxil olur. Bu zaman da kütləvi evlər alınanda yeni tikililərdə nisbi qiymət artımı ola bilər. Lakin dinamik şəkildə artım olacağını hesab etmirəm”.
Ekspert hesab edir ki, bir neçə mənzili olanların bu proqramdan istifadəsinə qadağa olmaması müəyyən problemlər yarada bilər: “Adam var ki, 5 evi var, imkanı yaxşıdır, birini də bu yolla əldə edəcək. Bu zaman mənzilə həqiqi ehtiyacı olanlar kənarda qalır. Eyni zamanda məhkumluğu olan şəxslərə məhdudiyyət var. Ancaq şəxs cəzasını çəkibsə, islah olunubsa, onda cəmiyyətə inteqrasiyası üçün mənzil şəraitinin yaxşılaşdırılması lazımdır. Bu məsələlərə də baxılmalıdır”.
R.Osmanlı qeyd etdi ki, stabil gəlirlərin olması şərtdir: “Burada təkcə əmək haqqı arayışı rol oynamayacaq, bütün gəlirlər nəzərə alınacaq. Kirayədə yaşayan insan ola bilər ki, Rusiyada işləyən yaxını ona davamlı pul göndərir. Ona görə də stabil gəlir varsa, nəzərə alınacaq.
Bununla belə, kirayə ev kreditinin aztəminatlı ailələrin mənzil problemini birdəfəlik həll edəcəyini düşünmürəm. Çünki mənzil sayı çox olmayacaq. Təqribən, 1500-2000 mənzil ola bilər. Bu da elə böyük rəqəm deyil".
Əmlak eksperti Rəşad Əliyev isə 1905.az saytına bildirmişdi ki, bir sıra texniki məsələlər var: “Əslində bu layihə məni narahat edir, çünki problemləri çoxdur. Əgər bazardan alınacaqsa, bu bazara təzyiq göstərmək deməkdir. Yəni haradasa qiymət artımına səbəb ola bilən addımdır. Üstəlik, qeyd olunur ki, 2013-cü il yanvarın 1-i tarixindən sonra tikilən mənzillərin alınması nəzərdə tutulub. Alınanda da ucuz mənzillər alınacaq. İpoteka kreditləşməsi ilk dəfə ölkədə tətbiq ediləndə mənzillərdə bahalaşma başlamışdı. Düzdür, həmin vaxt artıq bahalaşma var idi, amma bu fakt bu tempi bir az da sürətləndirmişdi. Yəni bazarla ehtiyatlı davranmaq lazımdır. İş elə səliqəli aparılmalıdır ki, bazarda müəyyən disbalans yaranmasın, bazarı oynatmasın”.
Qeyd edək ki, prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq edib. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.
Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər. Qaydalara uyğun olaraq satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin yerləşdiyi ünvanı, binanı, mərtəbəni, sahəsini, otaqların sayını fond müəyyən edir və alış qiyməti, aylıq ödənişlərin təxmini qiyməti də göstərilməklə elektron sistem vasitəsilə əhaliyə təklif edir. Bu zaman əhaliyə tələbatına uyğun yaşayış sahəsini seçərək elektron sistem vasitəsilə kirayə üçün müraciət etmək hüququ verilir.
Qanunvericiliyə uyğun olaraq, müqavilə bağlamaq üçün fəaliyyət qabiliyyətli istənilən yaşda olan şəxs satmaq öhdəliyi ilə kirayəyə görə fonda müraciət edə bilər və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Qaydalar kirayəçiyə kirayə müqaviləsi üzrə hüquqlarını üçüncü şəxsə ötürmək imkanı verir, habelə kirayəçi vəfat etdikdə onun satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqlarının vərəsələrə ötürülməsinə yol verir. Təbii ki, əgər vərəsə kirayə münasibətlərini davam etdirmək, habelə vəfat etmiş kirayəçinin fond qarşısında olan borclarını ödəmək istəyərsə.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”,
Fotolar müəllifindir


