Ekspertlərdən koronavirusla bağlı “SOS!”

21-10-2020, 08:40           
Ekspertlərdən koronavirusla bağlı “SOS!”
Əgər qaydalara əməl olunmasa, dövlət sərt tədbirlər həyata keçirə bilər
COVİD-19 infeksiyasından ölənlərin sayı durmadan artır. Xəstə sayındakı artım isə xüsusilə Avropada infeksiyanın ikinci dalğasının intensiv şəkildə yayıldığını göstərir. Xəstəliyə tutulanların sayı 40 milyon 566 mini keçərkən, sağalanların sayı 30 milyon 280 minə çıxıb.

İspaniyada infeksiyadan son 3 gündə 217 nəfər ölüb, bununla da ölkədə insan itkisi 33 min 992-yə yüksəlib. Eyni dövrdə 37 min 889 yeni hadisənin görüldüyü ölkədə infeksiyaya yoluxanların sayı 974 min 449-a çıxıb. İspaniya Avropada ən çox xəstənin olduğu ölkədir.

Hindistanda aşkar olunmuş koronavirusa yoluxma hallarının ümumi sayı 7,5 milyonu keçib.

Hindistanda son 24 saat ərzində 55 722 nəfər virusa yoluxub. Həmçinin son sutkada ölkədə 587 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin ümumi sayı 115 236 nəfərə çatıb. İngiltərədə ötən 24 saat ərzində COVİD-19-a 18 804 nəfər yoluxub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 741 212 nəfərə çatıb.

Rusiyadan gələn təhlükə?

Rusiyada isə koronavirus qurbanlarının sayı 20 minə yaxınlaşır. Son sutka ərzində 6 min 196 nəfərə COVID-19 diaqnozu qoyulub. Ölkədə virusa yoluxanların ümumi sayı 1 milyon 109 min 595 nəfərə çatıb. Onlardan 911 min 973 nəfər müalicə alaraq sağalıb. Virus səbəbi ilə həyatını itirənlərin sayı isə 71 nəfər artaraq 19 min 489 nəfər olub.

Azərbaycanda son günlər koronavirusun artmasını şimaldan-Rusiyadan gələn təhlükə kimi qiymətləndirənlər var. Hazırda rayonlarda əsas karantin yerləri Xaçmaz, Quba, Qusar hesab olunur. Rusiya ilə sərhəd zonasında nəzarət gücləndirilməlidirmi? Nəyə görə Rusiyada yoluxma sayı artan kimi Azərbaycanda da bu özünü göstərdi? Rayonlara gediş-gəlişin əvvəlki kimi bağlanması müzakirə olunurmu?

“Dövlət daha sərt tədbirlər həyata keçirə bilər”

Mövzu ilə bağlı ilk olaraq həkim-ekspert Adil Qeybulla ilə danışdıq: “Əslində mənbə xəstə insandır. Təcrübə və müşahidələr göstərir ki, Qarabağ savaşı başlayandan sonra sanki koronavirus arxa plana keçdi. İnsanlar bunu iqnor etməyə başladılar. Rayonlara gediş-gəliş asanlaşdı. Böyük bir miqrasiya yarandı, insanlar uzun müddət bunu gözləyirdilər. Avtobuslarda, marketlərdə, qapalı mühitdə karantin davranışlarının gözlənilməsi pozuldu. Bir də virusda da ciddi proseslər yaşanır. Yəni tək bu, Azərbaycanda baş vermir. Almaniyada, İngiltərədə, Avropanın müxtəlif ölkələrində, Amerikada artım müşahidə edilir. İkinci tərəfdən də bizim özümüzdə də karantin tədbirləri gözlənilmir. Bu da virusun yayılmasına gətirib çıxarıb. Məsələn, ictimai nəqliyyata, avtobusa diqqət edin, sürücülərin burnu, ağzı açıq, maska çənənin altında , bu şəkildə yoluxma əlbəttə çoxalacaq. Marketə, mağazaya girirlər maska ilə, görəndə ki, yoxlamırlar, maskanı çıxarırlar. Orada bir xəstə adamın öskürməyi kifayətdir ki, virus yayılsın. Bir məsələ də var ki, virus hazırda soyuqdəymə xəstəlikləri ilə yanaşı gedir. Hər ikisinin müştərək əlamətləri var - hər ikisi qızdırma, öskürək, halsızlıq, beldə əzələ ağrıları və sairə aiddir. Ona görə hesab edirəm ki, biz karantin davranışlarına ciddi əməl etməliyik. Əgər buna əməl olunmasa, belə artım olsa, dövlət sərt tədbirlər həyata keçirə bilər. Xüsusilə də indiki dövrdə koronavirusun ön cəbhəyə keçməsi və orada əsgərlər arasında yayılması bizə baha başa gələ bilər. Biz maksimum ehtiyatlı, diqqətli, məsuliyyətli olmalıyıq”.

“Qaydalara əməl etməməklə...”

Millət vəkili Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, bir sıra dünya ölkələrində ikinci dalğanın olması ehtimallarını nəzərə alaraq təzədən müxtəlif sərtləşdirmə, məhdudlaşdırma tədbirləri həyata keçirildi: “Görünür, bu tendensiya konkret olaraq bir ölkə üçün nəzərdə tutulmur. Bu artıq ümumi bir hadisədir. Ona görə də pandemik xarakter daşıyır. Azərbaycanda da ayrı-ayrı rayonlarda məhz artım dinamikasının olduğunu nəzərə alaraq noyabrın 2-dək karantin qərarı verildi. Lakin bunun konkret olaraq şimaldan və ya cənubdan, daha başqa ərazilərdən gəlməsi ilə bağlı bir rəy söyləmək üçün bütünlükdə informasiya kütləsinə sahib olmaq lazımdır. Bu yerdə kompitent rəy vermək mənim üçün çox çətindir. Ancaq bütövlükdə ölkə miqyasında karantin rejiminə keçmə, yenidən e.gov.az-dan icazə üsuluna keçilməsini, açığını deyim, gözləmirəm. Artıq insanlarımızda da bir tərəfdən bu aylar ərzində yetərincə ictimai, milli intizam yaranıb. İkincisi, biz iki cəbhədə savaş apardığımızın fərqindəyik. Insanlar yaxşı başa düşürlər ki, arxa cəbhədə intizam, soyuqqanlılıq, bir-birinə mənəvi həyanlıq, hərə öz səngərində millətin müqəddəs savaşını bölüşməsi həm də koronavirusa qarşı mübarizənin nəticələrindən asılıdır. Axı hər birimizə bəllidir ki, silahlı əməliyyatlara görə bir tərəfdən itkilərimiz, o biri yandan da yaralılarımız var. Avtomatik olaraq o xəstəxanalarda pasient kütləsini yaradır. Bu, yetərincə həkimlərimizin fədakarlığını tələb edir. Məhz ona görə də onları “Ağ ordu” adlandırırlar. Həqiqətən də bu gün həkimlərimiz də eyni dərəcədə müharibədə iştirak edirlər. Əgər biz qaydalara əməl etməməklə hər hansı bir şəkildə dalğanın yaranmasına təsir edəcəyiksə, bu avtomatik olaraq düşmənin xeyrinə işləyəcək. Əslində bu gün ölkədə bir milli ideal, bir çağırış, bir istək var. Düşmən üzərində qələbə üçün hər kəs töhfə verməlidir. Bu, da özünə, yaxın ətrafına olan münasibətdir. Açığını desəm, yoluxma dinamikasında, ona qədərki dövrdə olan prosesləri nəzərdən keçirərək zənn edirəm ki, artıq proseslərə müəyyən qədər nəzarət oluna bilir. Insanların da müəyyən qədər immuniteti formalaşır. Əminəm ki, bu, nəzarətdə saxlanılacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.