Nazirlik deputat Ağalar Vəliyevə 140 min manatlıq cərimə yazıb? - Fəhlə ölümünə görə...
27-01-2016, 13:23
Deputat Ağalar Vəliyev cərimələnib. Bu barədə DİA.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki qaynaq xəbər verib. Mənbə bildirir ki, deputat Ağalar Vəliyevə cərimə, onun rəhbərlik etdiyi tikinti şirkətində bir neçə gün əvvəl baş vermiş fəhlə ölümü faktı ilə əlaqədardır. Belə ki, inşaat zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması, habelə daha bir neçə qayda pozuntusu səbəbindən Ağalar Vəliyevin şirkətinə cərimə kəsilib.
DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl Bakıda fəhlə işlədiyi tikintinin 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Bədbəxt hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Əslidar Məmmədəliyev küçəsində baş verib. Həmin ünvanda 67 saylı tam orta məktəb üçün əlavə korpus tikilir.
Tikintidə fəhlə işləyən 63 yaşlı Zakir Sibili 4-cü mərtəbədən yıxılıb. Ağır yaralanan fəhlə iş yoldaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan və daxili qanaxma diaqnozu qoyulan Zakir Sibilinin həyatını xilas etmək mümkün olmayıb və o, əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, məktəb binasının tikintisi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sifarişi ilə həyata keçirilir. Tikintini "Azəraqrartikinti” şirkəti aparır. Tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb və bina ötən il sentyabrın 1-də təhvil verilməliydi. Lakin tikinti vaxtında başa çatdırılmayıb.
Ona görə də fəhlələr gecə saatlarına qədər çalışdırılır. Əlavə edək ki, "Azəraqrartikinti” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. İndi isə aydın olur ki, artıq ƏƏSMN tərəfindən deputata cərimə yazılıb. Özü də 140 min manat həcmində..