"Vahid Məhərrəmov tavana baxıb dezinformasiya yayır" - Nazirlikdən cavab
28-01-2016, 13:03
Ekspert Vahid Məhərrəmovun yarmarkalarda satılan ətlərlə bağlı səsləndirdiyi fikirlərə Kənd Təsərrüfatı Nazirliyinin cavabı gecikməyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev modern.az saytına deyib ki, bu, həqiqətə uyğun olmayan, yanlış məlumatdır:
“Bütün bu fikirlər əhali arasında müəyyən çaşqınlıq yaratmağa xidmət edir. Yarmarkaya gətirilən bütün kənd təsərrüfatı və heyvan mənşəli məhsullar baytarlıq nəzarətindən keçir. Vahid Məhərrəmov bir dəfə zəhmət çəkib yarmarkaya gəlsin. Sosial şəbəkədə oturub tavana baxaraq danışmasın”.
M.Hacıyev qeyd edib ki, heyvan mənşəli məhsullar istər rayon baytarlıq idarəsinin rəsmi şəhadətnaməsi, istərsə də Bakı Şəhər Baytarlıq İdarəsinin rəsmi yoxlanılmış sənədləri ilə yarmarkalara daxil olur. Eyni zamanda yarmarka keçirilən şənbə və bazar günlərində Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri mütəmadi olaraq ət satışına nəzarət edir.
“Yarmarkaların təşkil olunmasında məqsəd insanlara daha keyfiyyətli və daha ucuz məhsullar təklif etməkdir. Qiymətin ucuz olması məhsulun keyfiyyətinin aşağı olması anlamına gəlmir. Belə infomasiyaların yayılması insanları çaşdırmaqdan başqa heç nəyə yaramır.
O, gündəmdə qalmaq, fürsətdən istifadə edərək dezinformasiya yaymaqla məşğuldur. Vahid Məhərrəmov hansı mənbəyə söykənərək bu məlumatları yayır?! Nazirlik olaraq küçələrdə keyfiyyətsiz ətin aşkar edilməsini bacarırıqsa, yarmarkaya gətirilən ətə nəzarət edə bilməycəyik?!”.
Qeyd edək ki, V.Məhərrəmov bildirib respublikada mal, qoyun əti az istehsal olduğu üçün bəzi işbazlar xəstə, şikəst və ölmüş at leşini mal əti adı ilə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında ucuz qiymətə əhaliyə satıldığını bildirib.