Məktəbdən bixəbərlər - Nazirlik onların sayını bilmir
29-01-2016, 16:48
Azərbaycanda yaşı 8-i ötmüş, hələ də məktəbə getməyən uşaqlar var. Uşaqların valideyn səhlənkarlığı ucbatından təhsildən yayınması hələ də böyük problem olaraq qalır.
Bu yaxınlarda mətbuatda yer alan xəbərə görə, Qobustan rayon sakini Əlif Baxşəliyevin oğlu 10 yaşında birinci sinfə gedib. Onun 16 və 18 yaşında olan iki qızı isə ümumiyyətlə məktəbə getməyib.
Analoji vəziyyət təkcə Qobustan rayonunda deyil, bir çox bölgələrdə mövcdur.
Təhsil Nazirliyi mövzu ilə bağlı AzVision.az-ın sorğusuna cavab verib.
Məlumatda bildirilib ki, “Təhsil haqqında” qanuna əsasən Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanır. Qanunun 19.12-ci maddəsinə görə, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
Nazirlikdən verilən məlumatda qeyd edilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş nizamnaməyə əsasən ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.
Təhsil Nazirliyindən bildirilib ki, hazırda uşaqların məktəbə qəbulu prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” və Azərbaycan Respublikası təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” ilə tənzimlənir.
“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinfə qəbul edilirlər.
8 yaşdan yuxarı təhsildən kənarda qalmış uşaqların I sinifdə təhsilə cəlb edilməsi məktəblərdə müəyyən olunmuş qaydalar daxilində fərdi təhsil təyin edilməklə həyata keçirilir.
8 yaşdan yuxarı uşaqların fərdi təhsilinin təşkili Azərbaycan Respublikası təhsil nazirinin 2014-cü il 29 may tarixli, 645 nömrəli əmri ilə təsdiq olunmuş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələbləri əsasında həyata keçirilir. Belə hallar kütləvi xarakter daşımadığından nazirlikdə bununla bağlı statistik məlumatlar toplanmır.