Əmanətlərə təhlükə: “Böyük əmanətlər qaytarılmaya bilər...”

4-02-2016, 10:21           
Əmanətlərə təhlükə: “Böyük əmanətlər qaytarılmaya bilər...”
Vüqar Bayramov: “Belə əmanətlərin geri ödənilməsi ilə bağlı kifayət qədər ciddi risk var”
Bankların bir-birinin ardınca müflis elan edilməsi əmanətçiləri çətin vəziyyətdə qoyub. Hazırda banklarda 30 min manatdan çox əmanətləri olanlar və manatın devalvasiyası səbəbindən dollarla olan əmanətlərinin manat ifadəsində 30 min manatı keçən əmanətçilər qoyduqları vəsaitləri itirmək təhlükəsi yaşayır. Banklarda olan vəsaitlər əmanətlərin tam qaytarılması üçün yetərli olmadığından əmanətçilərin yeganə ümidi Əmanətlərin Sığortalanması Fondudur.

Bəs görəsən, hazırda müflis elan edilən banklardakı əmanətlərin geri qaytarılması üçün hansı mexanizmlər mövcuddur? İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, banklar müflis elan olunan zaman onların funksiyaları agent banka verilir və əmanətlərin qaytarılmasını agent bank həyata keçirir: “Mövcud qanunvericiliyə əsasən, Mərkəzi Bankın qərarı ilə bankın lisenziyası geri alındıqdan sonra Mərkəzi Bank agent bankı müəyyənləşdirir. Bundan sonra müflis olmuş bankın funksiyaları agent banka transfer edilir. Bu zaman artıq bankın aktivləri ilə passivləri müqayisə olunur. Əgər bankın aktivləri passivlərindən çoxdursa, o zaman bütün öhdəliklər, o cümlədən əmanətlərin geri qaytarılması məhz bankın öz vəsaitləri hesabına həyata keçirilir. Ancaq əgər bankın aktivləri onun passivlərindən azdırsa, bu zaman artıq sığorta hadisəsi baş verir. Sığorta hadisəsi baş verdiyi üçün artıq Əmanətlərin Sığortalanması Fondu sığorta qaydaları çərçivəsində bankda yerləşdirilən əmanətlərin geri qaytarılmasını həyata keçirməyə çalışır”.

Ekspertin fikrincə, narahatçılıq doğuran məqam ondan ibarətdir ki, fondun qaydaları ilə banklarda olan əmanətlərin həcmi arasında fərq var: “Əmanətlərin Sığortalanması Fondu 30 min manat və ya həmin məbləğin dollar ekvivalenti həcmində olan əmanətləri sığortalayır. Bu əmanətlərin də illik faizi 12 faizdən çox olmamalıdır. Əgər əmanətin məbləği 30 min manatadəkdirsə, dollar ifadəsində mövcud məzənnə nəzərə alınmaqla 30 min manatdan çox deyilsə, o zaman həmin vəsait tam olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılır. 30 min manatdan çoxdursa, bu halda yalnız 30 min manatadək olan əmanətin qaytarılması həyata keçirilir. Bu da həcmi böyük olan əmanətin qaytarılması ilə bağlı ciddi çətinlik yaradır. Fond sığortalanan əmanəti qaytardıqdan sonra qalan əmanət bankın vəsaitləri hesabına qaytarıla bilər. Problem ondan ibarətdir ki, belə olan halda bankların bir qisminin əmanətləri qaytarmaq imkanı məhduddur.

Bu, o deməkdir ki, məbləği böyük olan əmanətlərin qaytarılması ilə bağlı ciddi risk var. Aparılan monitorinqlər də göstərir ki, məbləği böyük olan əmanətlərin bir sıra banklardan geri qaytarılması mümkün olmayacaq".

Vüqar Bayramov onu da vurğuladı ki, vətəndaş məhkəməyə müraciət etməklə də həmin əmanətin geri qaytarılmasını tələb edə bilər: “Lakin Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu məbləği 30 min manatdan az olan əmanətlərin geri qaytarılması ilə bağlı məsul deyil. Vətəndaşın 30 min manatdan artıq əmanətini məhkəmə yolu ilə fondan alması qanunvericiliyə görə mümkün deyil. Ona görə də təəssüf ki, bankların müflisləşməsi böyük məbləğdə əmanətləri olan vətəndaşlarımızın pullarının geri alınması ilə bağlı ciddi çətinliklər yaranıb. İndiki məqamda bankların imkanlarının məhdud olduğunu nəzərə alsaq, həmin vəsaitlərin geri alınması üçün mexanizmlər olduqca məhduddur.

Biz əvvəllər də vətəndaşlara müraciət edirdik ki, əgər əmanətiniz böyükdürsə, onu bir neçə əmanətçinin adına bölüşdürüb banklara qoyun və ya 30 min manatdan çox olmayaraq bir neçə bankda yerləşdirin ki, həmin əmanət sığortalanmış olsun. Yüksək faizli əmanətlərə üstünlük verməyin, çünki yüksək faizli əmanətlər sığortalanmır. Ona görə ki, indiki məqamda məbləği böyük olan əmanətlərin geri ödənilməsi ilə bağlı kifayət qədər ciddi risk var".

Ekspertin sözlərinə görə, məbləğindən asılı olmayaraq bütün əmanətlərin sığortalanması ilə bağlı qanun qəbul edilərsə, o çox güman ki, geriyə şamil edilməyəcək: “Bu, yalnız o banklara aid ediləcək ki, həmin banklar qanun qəbul edildikdən sonra müflis olublar. Bu məqamda onu da demək olar ki, bankların qanun qəbul edilənədək müflis olması Mərkəzi Bank üçün daha sərfəlidir. Çünki o halda Mərkəzi Bankın öhdəliyi artmış olacaq. Əgər bu günədək əmanətlər tam sığortalansa idi, Mərkəzi Bank daha çox əmanət ödəmək məcburiyyətində qalacaqdı. İndiki halda isə Mərkəzi Bank vəsaitlərinə ciddi şəkildə qənaət etmiş oldu. Əgər bankların üzvlük haqqı artmırsa, banklar üçün əmanətlərin tam sığortalanması daha cəlbedicidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.