ŞƏRİFOV HANSI LAYİHƏLƏRİ QOHUMLARINA VERİR? İLGİNC İDDİA
4-02-2016, 17:21
Maliyyə nazirinin məmurları qəzəbləndirən addımı ilə bağlı yeni məlumatlar
Bir qrup məmurun maliyyə naziri Samir Şərifovla bağlı Prezident Administrasiyasına müraciət hazırladığı barədə məlumat verilmişdi. Məlumatda deyilirdi ki, həmin məmurların narazılığı iri layihələrin maliyyə nazirinə yaxın şirkətlərə verilməsilə bağlıdır. Bildirilirdi ki, Samir Şərifov iri layihələrə bir şərtlə pul ayırır ki, işin icrası ona yaxın şirkətlərə verilir. Məmurlar da bundan ciddi narazılıq edirlər. Çünki bu halda onlar korrupsiya yolu ilə əldə olunacaq külli miqdarda qazancı qaçırmış olurlar.
Dünən isə Samir Şərifovun yaxın ətrafına verdiyi layihələr barədə məlumat daxil olub. Məlumata görə, layihələr əsasən Samir Şərifovun dayısı Əli Şirinov və ona yaxın şəxslərdən birinə məxsus şirkətə verilir. Qeyd olunur ki, Əli Şirinov “Azəryolservis” ASC-nin tabeliyində olan 69 saylı yol istismar idarəsinin rəisidir.
Bu idarəni “Əli Şirinovun idarəsi” də adlandırırlar. Layihələrə gəlincə, bildirilir ki, Maliyyə Nazirliyinin inzibati binasının inşası, Ziya Bünyadov prospektinin təmiri, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi, Şamaxı-Muğan yolu, Sabirabadın kənd yolları və Hacıqabulun kanal qırağı yollarının çəkilişi Əli Şirinovun şirkətinə verilib.\azadlıq.info\