Gizli işləyən sexlər ölüm yayır, AQTA qarşısını niyə ala bilmir? – ŞƏRH

27-01-2021, 17:51           
Gizli işləyən sexlər ölüm yayır, AQTA qarşısını niyə ala bilmir? – ŞƏRH
Paytaxtda və Bakıətrafı qəsəbələrdə antisanitar şəraitdə və heç bir normalara əməl etməyən yüzlərlə sex fəaliyyət göstərir. Pendir, kolbasa, süd məhsulları emal edən və şiriniyyat hazırlayan bu sexlərdə istehsal olunan mallar insan sağlamlığı üçün əsil təhlükədir. Sex sahibləri və orada çalışan ustaların texnoloji prossesdən əksər vaxt xəbəri olmur, adətən görüb-götürmə üsulu ilə çalışırlar.

Bu faktı Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov da təsdiqlədi:

“Azərbaycanda qida istehsalı ilə gizli və qanunsuz fəaliyyət göstərən obyektlərin sayı çoxdur. İctimai təşkilat rəhbəri kimi illərdir bu sahədə mübarizə aparıram və onların mümkün qədər Qida Təhlükəsizliyi Agentliyinin reyestrinə daxil olmasını təbliğ edirəm”.

Birlik sədri ötən gün Bakıxanov qəsəbəsində qanunsuz fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyətinin məhdudlaşdırılmasını bu faktın təsdiqi kimi qeyd edib.

Hüquq müdafiəçisi sözügedən obyektin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) reyestrinə daxil olmadığı və qanunsuz fəaliyyət göstərdiyi üçün ifşa olunduğunu deyib:

“Malların istehsalı zamanı bəzi sənədlər gizlədilir. Bazara mal çıxaran istənilən istehsalçı mütləq Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır. Bu olarsa, Qida Təhlükəsizliyi məhsulun istehsalına və təhlükəsizliyinə birbaşa nəzarət edəcək. Elə bir iş aparılmalıdır ki, bütün istehsal məhsulları ilə məşğul olan subyektlər AQTA-da reyestrə daxil olsun.

Bu, çətin məsələ deyil. Bu cür məsələlərdə ictimaiyyətin də Qida Təhlükəsizliyi Agentliyinə böyük köməyi lazımdır. Reyestrə daxil olan zaman Agentlik obyekt sahibləri ilə məsləhətləmələr aparır, konsultasiya keçirir və təhlükəsiz qida istehsalı üçün mümkün olan köməklikləri göstərir”.

Eyyub Hüseynovun sözlərinə görə AQTA bir çox qurumlarla və ictimai nəzarətlə əlaqəli işləməlidir:

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu sahədə rolu xüsusi hiss edilməlidir. Bu məsələyə ictimai nəzarət də vacibdir".

"İstənilən yerdə məhsul alan alıcı obyekt sahibindən Qida Təhlükəsizliyi Agentliyinin reyestrində mövcud olub-olmamasını, nəzarət funksiyasının hansı quruma aid olduğunu soruşmalıdır. İstehlakçının belə bir hüququ var. Qida Təhlükəsizliyinin nəzarəti olmayan yerdən məhsul almaq yolverilməzdir. Bu küçə satışlarına da aiddir”.

Xatırladaq ki, ötən gün Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bünyadov ev 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhəmməd Bağer Bağeriyə məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. Şirniyyat sexində aparılan yoxlamalar zamanı nöqsanlar aşkarlanıb və obyektin fəaliyyəti məhdudlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.