Şagirdlərə pulla satıldığı deyilən kartlar nə üçündür? - RƏSMİ AÇIQLAMA

13-02-2021, 11:46           
Şagirdlərə pulla satıldığı deyilən kartlar nə üçündür? - RƏSMİ AÇIQLAMA
Abşeron rayonunda Masazır, Mehdiabad, Pirşağı, Xırdalan ərazilərində yerləşən bir sıra orta məktəblərdə şagirdlərə kiçik ölçülü kartlar paylanılıb.

Bu barədə “MediaPost”a valideynlər məlumat verib. Valideynlərin bir qisminə sözgedən kartların nə üçün paylanılması ilə bağlı məlumat verilməsə də, bəzi məktəblərdə bunun davamiyyəti müəyyənləşdirmək üçün olduğu bildirilib.

Müəllimlərin sözlərinə görə, həmin kartların üzərində qeyd olunan UTİS kod “TEAMS” proqramında şagirdlərə məxsus kodlardır. Həmin kodu məktəbin qapısında sistemə vuranda onun dərsə gəlməsi avtomatik olaraq sistemə düşür.
Xırdalan şəhər 10 saylı tam orta məktəbin müəllimləri təkcə şagirdlərə yox, müəllimlərə də belə kartların verildiyini deyiblər.

Sözügedən kartlarla bağlı valideynlər arasında narazılığa səbəb olan məqam isə bu kartlar üçün şagirdlərdən 2 manat ödənişin tələb olunmasıdır.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yaxa nişanları pandemiya dövründə davamiyyətə nəzarət məqsədi ilə yaradılmış davamiyyet.edu.az sistemindən əldə edilib.

Nazirlikdən verilən məlumata görə, layihə pilot olaraq bəzi məktəblərdə tətbiq olunub, lakin daha sonra isə proses dayandırılıb. Hazırda bu yaxa nişanlarından istifadə olunmur və istənilən kağız materialda çapı mümkün olan bu yaxa nişanları üçün pul yığılması yolverilməzdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru