Saxta sifarişlər, ucuz şirkətlər, təhlükəli vəziyyət - Sürücülər boykot edir

17-02-2021, 16:34           
Saxta sifarişlər, ucuz şirkətlər, təhlükəli vəziyyət -
Azərbaycanda fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olan sürücülər taksi şirkətlərini boykot kampaniyasına başlayıb. Yüzlərlə taksi sürücüsünün qoşulduğu aksiyada səbəb kimi sürücülərin həmin şirkətlər tərəfindən istismar olunması göstərilir. Belə ki, taksi şirkətləri müştərilərə klassik taksilərdən daha ucuz gediş haqqı təklif edir, bu isə həmin şirkətlərlə çalışan taksi sürücülərinin daha az qazanmasına səbəb olur. Hətta aşağı qiymət təklif edən taksi şirkətlərinin sürücüdən daha yüksək faiz tutduğu deyilir. Sürücülərin sözlərinə görə, onlar normal qazanclarını təmin etmək üçün günün böyük hissəsini işləməli olurlar ki, bu da ilk növbədə onların sağlamlığına mənfi təsir göstərir, stressi artırır, müxtəlif problemlərə yol açır. Digər tərəfdən isə daha çox işləməli olduqları vaxtda avtomobillərinin də ciddi ziyan gördüyünü, istismar müddətini daha tez başa vurduğunu qeyd edirlər.

Şirkayətlərin əksəriyyəti isə “Maksim”, “Omega”, “Yandex” və “Uber” şirkətlərindən edilir. Belə ki, bu şirkətlərin aşağı keyfiyyətlə ucuz taksi xidməti təklif etdiyi, digər taksi şirkətlərinin də rəqabətdə uduzmamaq üçün qiymətləri endirmək məcburiyyətində qaldığı deyilir.

Boykot kampaniyasına qoşulan sürücülər həmkarlarını ətraflarına cəlb etmək üçün müxtəlif təşviqedici addımlar atır, bukletlər paylayır, sürücülərə müraciətlər edirlər. Həmçinin narazı olduqları taksi şirkətlərinə zəng edərək sürücü ilə əlaqə saxlayırlar və işlədiyi şirkətdən ayırmağa çalışırlar. Sürücülər belə saxta sifarişlərlə ucuz qiymətə işləyən şirkətləri sıradan çıxarmaq istəyirlər.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı sözügedən problemin mövcudluğunu təsdiq etdi və bildirdi ki, bəzi taksi şirkətləri rəqabət adı ilə qiymətləri hədsiz dərəcədə endirməyə çalışır.

Ekspert ucuz qiymətlərin taksi xidmətinin keyfiyyətini aşağı endirdiyini, müştərilərin də bununla bağlı problemlər yaşadığını bildirib.

Boykot olunan “Omega” taksi şirkətinin nümayəndəsi sözügedən boykotun xidmətin sifarişlərinə təsir etmədiyini, işlərin öz axarında davam etdiyini bildirdi. Lakin şirkətin nümayəndəsi digər suallara cavab verməkdən boyun qaçırdı.

Boykot olunan digər taksi şirkətlərinin nümayəndələri ilə əlaqə saxlamaq isə mükün olmadı.

“Ulduz” taksi şirkətinin nümayəndəsi Emin Əlizadə “MediaPost”a açıqlama verərək bildirdi ki, həmin taksi şirkətlərinin ucuz xidmət təklifinə görə, onlar da qiyməti endirmək məcburiyyətində qalıblar.

Ekspert Elməddin Muradlı bu kimi narazılıqların ortaya çıxmaması üçün taksi xidmətində vahid tariflərin tətbiqini zəruri hesab edir.

"189 taksi" şirkətinin direktoru Samir Kərimov isə bildirdi ki, qiymət bazar tərəfindən tənzimləndiyi üçün belə narazılıqlar ortaya çıxa bilir. Vahid tarif tətbiqinin müsbət təsirləri isə sual altındadır:

Bir digər şikayət isə taksi operatorları tərəfindən sürücülərin seçim mərhələsinin çox primitiv şəkildə aparılması, yalnız şəxsiyyət və sürücülük vəsiqəsi ilə hər kəsin taksi fəaliyyəti göstərə bilməsidir. Bu kimi hallar öznövbəsində sürücünün sağlamlıq problemlərinin, bu fəaliyyət üçün nə dərcədə uyğun olub-olmaması kimi kimi problemləri ortaya çıxarır. Həmçinin belə hallarda sürücülərin vergidən və sosial ödəmələrdən yayındığı da deyilir.

Samir Kərimov isə pandemiya ilə bağlı sürücülərin seçim prosesində məhdudiyyətlərin olduğunu deyir.

Xatırladaq ki, (Bakı Nəqliyyat Agentliyi) BNA paytaxtda taksi fəaliyyətini tənzimləyən vahid tarif sisteminin yaradılmasını təklif etmişdi.

Bununla bağlı qurumun sabiq rəsmisi Hikmət Babayevin fikirləri isə müzakirələrə səbəb olmuşdu. Nəticədə o, tutduğu vəzifədən kənarlaşdırılmışdı. Yeri gəlmişkən, cəmiyyətdə taksi tariflərinin tətbiqi ilə qiymətlərin kəskin artması ehtimalı narahatlıq yaradır

Qeyd edək ki, boykot və vahid tarif məsələsilə bağlı BNA-dan rəsmi mövqe öyrənməyə çalışsaq da, gün ərzində suallarımız cavabsız qaldı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.