Baş nazirin müavininin pulu qurtarıb?
12-02-2016, 11:45
Baş nazirin müavini Abid Şərifovun ailəsinin payı olan “Evrascon” ASC şirkətində yenidən maaş problemi yaşanır. Şirkətin “Energomost İNT Group” adı altında fəaliyyət göstərən Qazaxıstan bölümündə çalışan, əksəriyyəti azərbaycanlı olan işçilər 5 aydır əmək haqqı ala bilmirlər. Bu, ASC-də yaranan ilk maaş üsyanı deyil. 2013-cü ildən başlayaraq şirkətdə maaşların gecikməsi halları təkrarlanır. Sonuncu belə problem 4 ay əvvəl başlanıb və işçilər müxtəlif qurumlara müraciət ediblər. Müraciətlər nəticəsiz qaldığından işçilər problemi ictimailəşdirməyi qərara alıblar.
“Biz Bakıdan Qazaxıstana ezam olunmuş Azərbaycan vətəndaşıyıq. Yəni biz şirkətdə əvvəldən işləmişik, bir müddətdir ki, bizi Qazaxıstana gətiriblər. Deməli, ”Evrascon" 2014-cü ildən Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin sifarişlərini yerinə yetirir. Hazırda bu ölkənin 3 şəhərində körpü tikir. Biz Almatı şəhərində işləyirik. Burada da qalırıq. Qaldığımız yerin şəraiti yaxşıdır" deyə, işçilərdən biri “Yeni Müsavat”ın elektron ünvanına yazıb.
Qeyd edib ki, 20-dən çox körpü tikiblər: “Əmək haqqımız 1000 manatdır. 2015-ci ilin sentyabr ayından maaşımızı vermirlər. Yaranmış problemlə bağlı Qazaxıstanda bizim rəhbərimiz olan Ramiz Tağıyevə şikayət etmişik. Bizi qəbul edib. Amma hər dəfə quru vəd verib. ”Evrascon" şirkətinin baş nazirin müavini Abid Şərifova məxsus olması heç kimə sirr deyil. Biz yaranmış problemlə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyində olduq. Bizə buradan dedilər ki, müraciətimizi faksla göndərək. Amma bizim bu imkanımız olmadığı üçün müraciət edə bilmədik. Məlumat üçün bildirək ki, bu şirkət Azərbaycan və Qazaxıstanla yanaşı Rusiya, Ukraynada fəaliyyət göstərir".
“Yeni Müsavat”ın əməkdaşı işçilərə əmək haqlarının nə vaxt veriləcəyi sualı ilə “Evrascon” ASC-nin iqtisadi məsələlər üzrə sədr müavini Namiq Kərimliyə müraciət edib. N.Kərimli problemin həlli üçün tədbirlər görüldüyünü açıqlayıb: “Hazırda ASC-nin bütün qurumlarında maaş problemi var. Bakıda baş ofisdə də 4 aydır yubanma var. Sonuncu dəfə maaşı sentyabrda almışıq. Hazırda qış mövsümüdür. Ona görə də işlərdə yubanmalar var və müvafiq olaraq işlər görülmədiyindən hesablarımıza vəsaitlər daxil olmur. Digər tərəfdən də Azərbaycanda olduğu kimi ilin əvvəlində Qazaxıstanda da büdcənin təsdiqlənməsi məsələsi var. ASC bu günə qədər problem yarananda maaşı son qəpiyinə qədər ödəyib, bundan sonra da ödəyəcək. Təxminən 3 aya bütün borcları ödəyəcəyik”.
Bir müddət əvvəl meydan.tv yazmışdı ki, A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 min 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir. Əvvəllər “Azərkörpü” ASC olan “Evroscon” uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi.
Çox da uzaq olmayan 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib.
“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “Evrascon” ASC-nin 16,89 faizinə nəzarət edir.