Bu qızın başına oyun açırlar - Dəhşətli faktlar
16-02-2016, 13:06
Xəzər rayonu, Şüvəlan qəsəbəsi “Yaradıcılıq” evində məskunlaşan Gülnar Ələsgərova həmin rayonun 4 saylı Respublika Xüsusi İnternat məktəbinin direktoru Vəfa Seyidovanın onu haqsız yerə işdən azad etməsindən şikayətçidir. V. Seyidova “Qafqazinfo”nun redaksiyasına gələrək məktəb direktoru tərəfindən başına gətirilənləri əvvəldən axıra kimi danışaraq əlində olan faktları təqdim edib.
Bildirib ki, 2012- ci ilin oktyabrında internat məktəbinə işə düzəlmək üçün V. Seyidovaya 5000 manat pul verib:
“Pulu sinif müəllimi düzəlmək üçün verdim. Amma direktor dedi ki, əvvəlcə tərbiyəçi kimi işlə, bir müddət sonra səni sinif müəllimi keçirdəcəm. Mən də buna razı oldum. Tərbiyəçi kimi 290 manata yaxın maaş alırdım.
Üstündən 3 il keçəndən sonra direktora dedim ki, üç azyaşlı uşağa baxıram, aldığım əməkhaqqı xərclərimi ödəmir, söz verdiyiniz kimi məni artıq sinif müəllimi keçirdin”.
Elə bütün olanların bundan sonra başladığını deyən şikayətçi qeyd edir ki, Vəfa Seyidova heç bir halda ona pulunu qaytarmayacağını və müəllim kimi işə düzəltməyəcəyini deyib.
“Verdiyin pulu da çıxartmısan. İndi nə pul, nə də iş var. Sən mənə bata bilməzsən”-deyə ona cavab verib.
G. Ələsgərova ötən il oktyabrın 30-da məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, DİN-ə , ölkə başçısına, birinci xanım Mehriban Əliyevaya müraciət etdiyini qeyd edib:
“Noyabrın 10-da direktor aidiyyatı qurumlara müraciət etdiyim üçün məktəbdə 10 nəfərin iştirakı ilə xüsusi iclas çağırtdıraraq məni də dəvət etdi. İclasda ən ağır sözlərlə əxlaqımı təhqir etdi. Ona verdiyim pulu mübahisələndirməyimin səbəbini soruşdu.
Halbuki, şikayətimdə ilk növbədə əməkhaqqımın 290 manatdan 240 manata salınmasına etiraz etmişdim. Çünki müəllimlərin maaşı artdığı halda, mənimkini 50 manat azaltmışdılar. Eyni vəziyyət 5-6 tərbiyəçiyə də şamil olunmuşdu.
Şikayət etməyim onu necə özündən çıxartmışdısa, üstümə cumdu, boğazımdan tutdu və mən arxasıüstə stula yıxıldım. Tərbiyəçilər direktoru tutdular ki, mübahisə yaranmasın. O, mənim üstümə gəlsəydi, yəqin ki, özümü müdafiə edərdim. Ancaq mənə xəsarət yetirən o oldu, bununla bağlı əlimdə ekspertiza rəyi də var.
Amma iş sifarişli araşdırıldığı üçün, guya, mən iclasda dəmir stolu direktorun başına vurmuşam. Nevropotoloqdan kəllə beyin travması aldığına dair saxta rəy də götürüb.
Hadisədən sonra Xəzər rayon İcra hakimiyyətinə gedərək məktəbdə baş verən hadisə ilə bağlı məlumat versəm də, dedilər ki, V. Seyidovadan qorxurlar, heç nə edə bilməyəcəklər. Məcbur olub yenidən işimə qayıtmalı oldum”.
G. Ələsgərova səhəri gün məktəbə getdiyini və halının pisləşdiyi üçün ona təcili tibbi yardım çağırıldığını xatırladıb:
“Vəfa Seyidova işçilərini göndərib dedi ki, şikayət etməyim, hər şeyi yoluna qoyacaq. Ya işlə təmin edəcək, ya da pulu geri qaytaracaq. Mən də əlavə söz-söhbət yaranmasın deyə razılaşdım, tibb işçilərinin şikayət etmək istəyirsənmi sualına isə yox cavabını verdim.
Sən demə elə həmin gün yəni, noyabrın 11-də Vəfa Seyidova özü gedib poilis şikayət edib ki, döyülüb və kəllə beyin travması alıb. Bunu bildikdən sonra mən də noyabrın 13-də Xəzər rayon Polis İdarəsinə gedərək ekspertizadan keçdim, ayın 14-də isə şikayət ərizəsi yazdım.
Noyabrın 24-də Vəfa Seyidova məni Əmək Məcəlləsinin 72- ci maddəsinin birinci bəndinin ç və f maddələri ilə işdən azad etdi. Halbuki, bu maddə yalnız barəsində məhkəmə hökmü olan insana şamil oluna bilər”.
Şikayətçi qeyd edir ki, işi araşdıran təhqiqatçı, eyni zamanda Vəfa Seyidovanın yerlisi olan Faiq Muradov onun ayın 14-də yazdığı şikayət ərizəsinin tarixini saxtalaşdıraraq ayın 20-də olmuş kimi dəyişdirib:
“O işi sifarişli olaraq təhqiqatdan yekunlaşdırıb Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərib. Burada iş müstəntiq Knyaz Rəhimovun icraatına verilib. Knyaz Rəhimov işi ədalətli apardığına görə istintaqın rəisi Erol Əliyev işi ondan alaraq Kamran Zülfüqarova verdi.
Knyaz Rəhimovun mənim işimdən uzaqlaşdırılmasının səbəbi təkrar məhkəmə tibbi ekspertizasından keçirilməyimizə dair vəsatət verməyim olub. Müstəntiq Knyaz Rəhimov da vəsatəti təmin etdiyinə görə, işi ondan aldılar.
Təkrar ekspertizadan keçirilməyimizlə bağlı müraciət etdim, çağıracaqlarını dedilər. Üstündən bir müddət keçdi, kimsə çağırmadığı üçün təkrar getdim, mənə dedilər ki, rəyi yazıb Xəzər rayon Polis İdarəsinə göndəriblər. Məni və Vəfa Seyidovanı ekspertiza etmədən özləri birbaşa əvvəlki rəyə baxaraq nəticəni müstəntiq Kamran Zülfüqarova göndəriblər.
Mən noyabrın 11-də təcili tibbi yardıma düşməklə bağlı rəyi də arxivdən almışam ki, həqiqətən də travma alan o yox, mən olmuşam”.
Xəzər rayon Polis İdarəsinin rəisi Azər Muradovun qəbuluna üç uşağıyla birgə getdiyini də xatırladan şikayətçi A. Muradovdan ona qarşı edilən ədalətsizliklərə son qoymasını xahiş edib:
“Azər Muradov dedi ki, Vəfa Seyidova vəzifəli şəxsdir. Sən kimsən ki, ona baş qoşmusan? Otağında olan istintaqın rəisi Erol Əliyevə, müstəntiq Kamran Zülfüqarova tapşırıq verdi ki, barəmdə 221.1 maddəsi ilə materialları toplasınlar, işi mənim üstümə qoysunlar, tez bağlayıb məhkəməyə göndərsinlər.
Xəzər rayonunda məsələnin obyektiv araşdırılmadığını gördüyüm işin burdan alınıb başqa bir rayona verilməsini üçün prokurorluğa ərizə yazdım. Bakı Şəhər Prokurorluğuna, Baş Prokurorluğa da etiraz məktubu göndərdim.
Yanvar ayının 11-də yazdığım etiraz məktununun cavabını götürmək üçün Xəzər rayon Prokurorluğuna getdim. Dedilər ki, cavab istintaq idarəsindədir. Qardaşımla birgə idarəyə getdik.
Orada kimə zəng etdilərsə, 10 dəqiqənin içində Xəzər rayon Polis İdarəsində nə qədər adam vardısa hamısı tökülüşərək bizi mühasirəyə aldılar. Elə bil ki terrorçuyuq. Əllərimizi bağladılar. İkimizin də qolundan tutaraq sürüyə- sürüyə idarənin içinə apardılar.
Qardaşım müqavimət göstərmək istəyəndə rəisin sürücüsü onu vurdu. Həmin gün 102-yə zəng vurdum ki, kameralar üzə çıxarılsın, bizə təzyiq edildiyi aşkarlansın, amma nəticəsi olmadı.
Mənə təzyiq etdilər ki, Vəfa Seyidova idarəyə gələcək, üzləşmə olacaq, rəsmi şəkildə ittiham olunacaqsan. Dedim ki, vəkilim olmadan üzləşməyə girməyəcəm. Onlar təbii ki bu istəyimə əhəmiyyət vermədilər, dedilər ki, dövlət vəkili ilə təmin edəcəklər.
İfadə verməkdən, vəkildən imtina etdim. Vəfa Seyidova da bir sənədə qol çəkib çıxıb getdi. Apardılar məni bir otağa saldılar, cinayətkar kimi şəkillərimi çəkdilər. Əl izlərimi götürdülər. Hətta mənə zor tətbiq etdilər ki, ittiham aktına qol çəkim. Amma heç bir sənədə qol çəkmədim.
Burdan çıxıb yenidən Baş Prokurorluğa müraciət etdim, bir neçə şikayətdən sonra nəhayət ki iş Xəzər rayon prokurorluğundan alınıb Bakı Şəhər Prokurorluğuna verildi. Bu qədər qanunsuz sənədləri Bakı Şəhər Prokurorluğunda görə-görə yenə də işin üstünü yazaraq Xəzər rayon prokurorluğuna göndərdilər. Fakt üzrə açılmış cinayət işinin araşdırılması nəticəsində 221.1 maddəsi üzrə ittiham aktı mənim üstümə qoyulub. Prokuror 221.1 maddəsini təsdiqləyib və məhkəməyə göndərib.
Döyülən, təzyiqlərə məruz qalan, işdən azad olunan, pulu batan mən olduğum halda ittiham aktını üstümə qoyublar, Əmək kitabçama ç və f maddələri yazılıb. Mən bu maddələrlə heç harda işləyə, himayəmdə olan üç azyaşlı uşağı dolandıra bilmərəm.
Xəzər rayon prokurorluğunun istintaqında 5000 manatla bağlı şikayətim araşdırılır. Oradan ədalətli nəticə əldə etməyəcəyimdən əminəm. Çünki rayonun polis idarəsində çalışanlar hamısı Vəfa Seyidovanı tanışlarıdır. Vəfa Seyidova bir müddət Polis Akademiyasında işləyib, ona görə də onu istəklərini yerinə yetirirlər.
Xahiş edirəm ki, iş birbaşa Baş Prokuror Zakir Qaralovun nəzarəti ilə araşdırılsın. O qadın məni ölüm həddinə kimi çıxarıb. Haqq ədalətin tezliklə öz yerini tapmasını xahiş edirəm”.