“Madeyra”nın anbarında yanğın, - yaxud mebel hara yoxa çıxıb?

16-02-2016, 16:57           
“Madeyra”nın anbarında yanğın, - yaxud mebel hara yoxa çıxıb?
“Mebeli aldıqdan sonra bildirdilər ki, bir ay sonra çatdırılacaq, amma deyilən vaxta bir gün qalmış zəng elədilər ki, anbardakı yanğında mebelim yanıb”.

Bunu “Madeyra” mebel salonundan şikayət edən Elnarə Sultanova deyir.

Virtualaz.org saytının redaksiyasına müraciət edən E.Sultanova deyir ki, kreditlə aldığı və artıq ilk ayının ödənişini etdiyi mebelini evinə gətirə bilmir:

“Bu il yanvarın 14-ü “Madeyra” mebel salonunun “İnşaatçılar” metro stansiyası yaxınlığındakı filialında qonaq otağı və yataq otağı mebel dəstlərini seçmişəm. Məhsulu kreditlə almaq üçün müqavilə bağlamışıq və mənə bildirilib ki, mebel fevralın 14-ü çatdırılacaq. Mebelin ümumi qiyməti 2100 manat idi, amma kreditlə ödəyəcəyimə görə, ümumi məbləğ 2300 manata çatır. Biz 9 aylıq kredit müqaviləsi bağladıq. Müqaviləyə görə, mən hər ay 263 manat ödəməli idim.

Fevralın 7-i artıq kreditin birinci ayının ödənişini – 270 manat pul keçirmişəm və çek də hazırda məndədir. Fevralın 13-ü qeyd etdiyim filialın müdiri Mehman adlı şəxs mənə zəng edib dedi ki, mağazanın anbarında yanğın olub və sifariş verdiyim mebel yanıb. Ona görə də, mebeli çatdıra bilməyəcəklər”.

Aldığı mebelin nə vaxt çatdırılacağı ilə maraqlanan müştəriyə bildirilir ki, əgər gözləyərsə, onu mart ayında əldə edə bilər. E.Sultanova əvvəlcə bu təkliflə razılaşsa da, sonradan etiraz edir və sifariş etdiyi məhsulun vaxtında çatdırılmasını tələb edir:

“Onda həmin şəxs mənə dedi ki, mağazaya gedib əvəzində başqa mebel seçim. Mən Xırdalan şəhərindəki filiala getdim və orada öyrəndim ki, nə satıcıların, nə də administratorların anbardakı yanğından xəbəri yoxdur. Mağazanın başqa bir filialında da mənə dedilər ki, heç bir yanğın baş verməyib. Maraqlandım ki, yanğın baş verməyibsə, anbara yenidən baxın, bəlkə mənim mebelim oradadır, onu verin. Öyrəndik ki, mənim mebelim anbardadır. Mehman adlı şəxs isə bunu inkar etdi və dedi ki, anbarda həqiqətən yanğın olub”.

Çıxılmaz vəziyyətdə qalan müştəri imzaladığı kredit müqaviləsinə xitam verməyə və ödədiyi 270 manatın geri qaytarılmasını tələb etməyə qərar verir:

“Belə addım atdım, çünki qarşı tərəf müqavilədəki öhdəliklərini yerinə yetirməyib. Kredit bağladığım şəxslərə müraciət etsəm də, hələ də tələbim yerinə yetirilməyib”.

Məsələyə aydınlıq gətirmək üçün “Madeyra” mebel salonu ilə əlaqə saxladıq. Salonun əməkdaşı şikayət barədə eşidən kimi müştərini tanıdı və bildirdi ki, onun şikayəti müdiriyyətə çatdırılıb və qısa zamanda cavab veriləcək.

Mebel salonunun anbarında həqiqətən yanğın olub-olmadığına gəlincə isə, əməkdaş bu barədə məlumat vermək istəmədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.