Yeni konsepsiyaya görə Bakıda bu binalar söküləcək
17-02-2016, 19:57
Otuz - qırx il öncə tikilmiş tipik sovet binalarının sökülməsi üzrə konsepsiya hazırlanması barədə rəsmi səviyyədə verilən bəyanat Bakının əmlak bazarına marağı artırıb.
ANS PRESS-in məlumatına görə, bu xəbəri sahibkarlarla görüşündə səsləndirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov yetərincə geniş arealdan bəhs edib. Nazirin sözlərinə görə, söhbət Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsindən və yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanmasından gedir. Bu isə konsenpsiyanın Bakının şimal-qərbində 1960-cı illərdən başlayaraq salınmış geniş yaşayış massivini əhatə edəcəyindən xəbər verir. Təbii ki, massiv sakinləri yaşadıqları binaların sökülüb-sökülməyəcəyi ilə maraqlanırlar.
Konsaltinq şirkətlərindən birinin rəhbəri Nüsrət İbrahimov ANS PRESS-ə müsahibəsində bildirib ki, ümumiyyətlə Bakıda 3500-ə qədər köhnə bina var və konsepsiya böyük ehtimalla onları əhatə edəcək: “Konsepsiyada hansı binaların söküləcəyi müəyyən ediləcək. Mənim fikrimcə, konsepsiyada qəzalı binaların sökülməsi nəzərdə tutulacaq”.
Postsovet məkanında sovet binalarının sökülməsi dedikdə ilk ağla gələn “xruşşovkalar” olur. Bu, evlərin tikintisində əsasən panel texnologiyasından istifadə edilib və bu zaman qərbdə tətbiq edilən texnologiyalar təkrarlanıb. Məsələ bundadır ki, dünyada ilk panel bina 1910-cu ildə Nyu-Yorkda tikilib və 1920-ci illərdən Qərbi Avropada bu texnologiya tətbiq edilməyə başlayıb. Bu texnologiya İkinci Dünya müharibəsindən sonra Avropanı qısa müddətdə evlə təmin etməyə imkan verib. Buna görə də, 1950-1960-cı illərdə SSRİ də beşmərtəbəli panel evlərin tikintisinə başlanıb. Azərbaycanda ilk panel evlər 1960-cı illərdə tikilməyə başlayıb.
Beləliklə, ilk panel evlərin tikintisindən 50 il keçib. Lakin bu heç də həmin panel evlərin sökülməsinin vacib olması demək deyil. Əslində normativə görə, panel evlərin istismar müddəti 125 ildir. Amma zaman-zaman bəzi ekspertlər bu binaların artıq istismar üçün yararsız olduğunu iddia edirlər. Amma bir neçə il qabaq Qazaxıstan paytaxtı Almatıda aparılmış ekspertiza bu iddiaların əsassız olduğunu göstərir. Zəlzələ aktivliyi zonasında yerləşən və hər gün bir neçə yeraltı təkanın qeydə alındığı şəhərdə hətta 50 il qabaq tikilmiş 4 mərtəbəli binaların betonunda və birləşmə elementlərində dağılma qeydə alınmayıb.
Bu binalardan sakinlərin əsas narazılığı qışda həddindən çox soyuq olması ilə bağlıdır. Buna görə də Rusiyada əhali qeyri-rəsmi şəkildə belə binaları “xruşşov soyuducusu” adlandırır. Bu isə binaların istilik izolyasiyasının zəif olması ilə bağlıdır. Rusiyada bu problem iki yolla həll edilib. Bir sıra şəhərlərdə bir neçə ev üzlənərək istilik izolyasiyası gücləndirilib. Bu təcrübə artıq Avropa Birliyinin üzvü olan postsosialist ölkələrinin təcrübəsindən götürülüb. Almaniyada hətta binalara lift quraşdırılaraq əlillərin hərəkəti üçün şərait yaradılıb. Bu, Qərbi Avropada indi trendə çevrilmiş kiçikmetrajlı mənzillərin stimullaşdırılması siyasəti çərçivəsində aparılıb.
Rusiya paytaxtı Moskvada isə bu binalardan tamamilə yaxa qurtarmaq siyasətinə üstünlük verdilər. 2000-ci illərdən başlayan proqram çərçivəsində minlərlə beşmərtəbəli bina söküldü və əhali eyni regionda tikilmiş iyirmi mərtəbəli binalara köçürüldü. Təbii ki, sakinlərə verilən mənzillərin pulu dövlət tərəfindən ödənildi. Şirkətlərin qazancı isə yerdə qalan mənzillər və birinci mərtəbələrdəki ticarət obyektləri oldu. Rusiya paytaxtında bu proses indi də davam edir. Xüsusi yaradılmış saytda şəhərdə hansı binaların sökülməli olduğu göstərilir. Həmin saya görə, Moskvada 100-dən çox binanın sökülməli olduğu göstərilir.
Təbii ki, Azərbaycan, xüsusilə də paytaxt Bakı hər iki təcrübədən yararlana bilər. Son illərin təcrübəsi Xruşşov dönəmində Bakıda və digər şəhərlərdə tikilmiş kiçikmetrajlı binaların içində daha çox daş binaların qəzalı vəziyyətə düşdüyünü ortaya çıxarır. Bir neçə il qabaq Lənkəranda təxminən 30 il qabaq tikilmiş daş 5 mərtəbəli bina özü-özünə çökərək dağıldı. Ermənistanda 1988-ci ildə baş vermiş 6,8 maqnitudalı güclü zəlzələ isə bütün daş binaları və fərdi tikililəri uçursa da, iki ədəd panel doqquz mərtəbəli binaya ciddi zərər vura bilmədi. Nəticədə, həmin binanın sakinləri 25 min insanın həlak olduğu zəlzələdən salamat qurtara bildilər. Buna görə, Bakıda əksər panel binaların sadəcə istilik izolyasiyasının gücləndiritlməsi ilə kifayətlənmək mümkündür.
Amma istənilən halda konsepsiyanın tətbiqi Bakının mənzil bazarında müəyyən aktivliyə səbəb ola bilər: “Konsepsiya işə düşərsə, təbii ki, ilkin mənzil bazarında canlanma müşahidə olunacaq. Təkrar mənzil bazarda qiymətlər sabit qalsa da, ilkin mənzil bazarında qiymətlər artacaq. Çünki evi sökülən sakinlər pullarını məhz ilkin bazara yönəldəcəklər”,- deyə Nüsrət İbrahimov vurğulayır.
Bu canlanmanın verəcəyi müsbət nəticələr isə aydındır: tikinti sektorunda yeni iş yerləri açılacaq, tikinti materialları bazarında tələb artacaq. Bu isə öz növbəsində kirayə və xidmət sektorlarında da canlanma yaradacaq. Bu konsepsiyanın ən müsbət tərəfi isə qəzalı binalarda yaşayan sakinlərin təhlükəli vəziyyətdən çıxışı üçün huquqi yol tapılması olacaq. İndiyə kimi yaranmış bu cür problemlər yalnız bəzi məmurların və iş adamlarının səyləri nəticəsində həll olunurdu. Konsepsiyanın qəbulundan sonra isə dövlətin konkret fəaliyyət planı olacaq.