Azərbaycanın xarici dövlət borcu açıqlanıb
17-02-2016, 20:18
1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. dollar (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Borc vəsaitlərinin 58,6%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32,9%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 8,5%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Cari ilin 1 yanvar tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8,8%, valyutalar üzrə isə dollar ilə – 66,3%, avro – 20,4%, yapon yeni – 2,5%, BƏƏ dirhəmi – 0,8%, İslam dinarı – 0,6%, Səudiyyə rialı – 0,4%, Küveyt dinarı – 0,2%.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.