Qarabağ əlilini səbəbsiz yerə işdən qovdular – Mingəçevirdə özbaşınalıq

18-02-2016, 21:30           

Mingəçevir şəhəri Azərbaycan İstilik Elektrik stansiyasında işçiləri kütləvi ixtisara salırlar.
Direktor Bəşirov Gülağa, baş mühəndis Təhmasib Hüseynov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nazim Bayramovun göstərişinə də əməl etmir.
Azərbaycan İstilik Elektrik Stansiyasının direktoru Bəşirov Gülağa, və baş mühəndis Təhmasib Hüseynov 150 nəfər işçini işdən azad ediblər. İşdən çıxarılanlar arasında Qarabağ veteranları və şəhid ailələri də var. Əmək məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bu şəxslərin işdə saxlanmasına üstünlük verir: “Şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə” işdən azad edilə bilməz. Ancaq Azərbaycan İstilik Elektrik Stansiyasının direktoru Bəşirov Gülağa və baş mühəndis Təhmasib Hüseynov əmək məcəlləsinin bu maddəsini kobud şəkildə pozurlar.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin və halların siyahısı göstərilmişdir. Belə ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Kütləvi ixtisarlarla bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nazim Bayramova mürəciət edildikdən sonra icra başçısı Mingəçevir şəhəri Azərbaycan İstilik Elektrik stansiyasına yazılı bildirib ki, işçilərin kütləvi ixtisarı dayandırılsın. Ancaq müəssisə rəhbərliyi icra başçısının göstərişinə belə əməl etmir, işçiləri ixtisar etməkdə davam edir.
Mingəçevir şəhəri Azərbaycan İstilik Elektrik Stansiyasının aparıcı mühəndisi Qarabağ veteranı, Mingəçevir Qarabağ veteranları cəmiyyətinin sədri Həsənov Natiq Ölkə.Az-a açıqlamısında bildirib ki, idarədə şəhid ailələri və Qarabağ veteranlarının işdən azad edilməsinin qanunsuz olduğunu rəhbərliyə bildirdiyinə görə onu da işdən azad ediblər. İdarəyə çağırıb başqa bir yerdə iş təklif ediblər, ancaq Həsənov Natiq bildirir ki, 20 ildən çoxdur Mingəçevir şəhəri Azərbaycan İstilik Elektrik Stansiyasında işləyir və aparıcı mühəndis olduğu üçün bu işindən çıxmaq istəmir. Həsənov Natiqin sözlərinə görə, ondan dərəcədə aşağı olan mühəndisləri işdə saxlayıblar, ancaq onu işdən azad edirlər. Həsənov Natiq həm Qarabağ veteranı, həm də şəkərli diabet xəstəsidir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə və 79-cu maddəsinə əsasən Həsənov Natiqi işdən çıxarmaq olmaz.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nazim Bayramovun Mingəçevir şəhəri Azərbaycan İstilik Elektrik Stansiyasına müraciətini sizə təqdim edirik:














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.