Tovuzda narazılığı kim yaradır? - ŞİKAYƏT VAR
22-02-2016, 17:00
Redaksiyamıza daxil olan məktublarda yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər. Məlumatlarda qeyd olunur ki, DSMF-nin Tovuz rayon şöbəsinin müdiri Rəşad Zeynalov öz işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Rəşad Zeynalovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Tovuz sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər. İddialara görə, heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun bu şöbəsində adi hal kimi qəbul edilir. Şöbənin müdiri Rəşad Zeynalovun özbaşınalıqlarından bəhs edən açıqlamalardan birində deyilir: “Aydındır ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür bu, Rəşad Zeynalovu zərrə qədər də olsun narahat etmir. Əks halda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün şöbənin rəhbərliyi tərəfindən irəli sürülən bəzi şərtlərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Tovuz rayon şöbəsinin rəhbərlik etdiyi şöbənin fəaliyyəti obyektivyoxlanılarsa, o zaman bu kimi qanun pozuntularını təsdiqləyən bir çox dəlil və faktkar aşakrlana bilər”.
Digər tərəfdən isə, aldığımız məlumatlarda Rəşad Zeynalovun birbaşa büdcə vəsaitlərini mənimsəmək məqsədilə törətdiyi maxinasiyalardan söz açılır. Belə ki, təqdim edilən açıqlamalarda, mənbələr bu DSMF-nin şöbəsinin müdirini müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verməkdə ittiham edirlər. Bildirilir ki, Rəşad Zeynalov həmin müəssisə rəhbərləri ilə razılığa gələrək, rəsmi sənədlərdə bu və ya digər müəssisədə işləyən fəhlələrin sayının real saydan xeyli az göstərilməsini təmin edir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişlərindən, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu maxinasiya sayəsində Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı da, nəğd şəkildə Rəşad Zeynalova təqdim edilir.
Ümid edirik ki, əlaqədar qurumlar bu şikayətləri nəzərə alaraq, DSMF-nin Tovuz rayon şöbəsinin fəaliyyətini ciddi şəkildə təftiş edəcək və yer almış neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görəcəklər.
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.