"Sən bu camaatın vəkilisən?" - "Azəriqaz" əyalətdə də qoçuluq edir

22-02-2016, 17:56           
 "Sən bu camaatın vəkilisən?" - "Azəriqaz" əyalətdə də qoçuluq edir
Qəzetimizin xüsusi müxbiri Allahverdi Dönməz Şamaxı rayon Qaz İstismar İdarəsi rəisinin kobud rəftarı ucbatından xəstəxanaya yerləşdirilib.

Bu barədə redaksiyamıza Allahverdi Dönməz özü məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev Şamaxıda yeni iş yerlərinin açılması ilə bağlı sakinlərlə görüş keçirib. Jurnalist bu səbəblə də iş üçün müraciət edən 100-ə yaxın şəxsin Şamaxı rayon Qaz İstismar İdarəsində işə götürülmək üçün rayon Məşğulluq İdarəsinə göndərildiyini deyib: «Mən də işlə tanış olmaq və oradan bir reportaj hazırlamaq məqsədilə Məşğulluq İdarəsinə getdim. Gördüyüm mənzərə heç də xoş deyildi. Camaatı yığıblar iclas zalına ki, idarənin iki-üç nümayəndəsi onların qeydiyyatını aparsın. Qeydiyyata götürən gənclər müraciət edənlərlə olduqca nəzakətsiz davranırdılar. İşə götürülmək istəyənlər ağsaqqal adamlar idi. Onlara «əlini yanına sal», «bağırma» və sair kimi nəzakətsiz ifadələr işlədirdilər. Dözməyib, əyləşdiyim yerdən dilləndim ki, camaatla mədəni davranın. Qeydiyyatçılar isə sözümə məhəl qoymadılar. Zaldan çıxıb, Şamaxı rayon Qaz İstismar İdarəsinə yeni rəis təyin olunan İkram adlı şəxsin yanına getdim. Xahiş etdim ki, işçilərinə tapşırıq versin ki, davranış qaydalarına riayət etsinlər, çünki bura yığışanların hamısı ağsaqqal adamlardır, kiminsə qapısına çörəyə getməyiblər. Rəis aşağı endi. Zənn etdim ki, gedib işçilərinə tapşırıq verəcək. Amma tam əksinə oldu. Mənə qarşı «Sən kimsən?», «Səni bura kim vəkil göndərib?», «Sən bu camaatın vəkilisən?» kimi ifadələr işlətdi.
Özüm Qarabağ müharibəsində döyüşmüşəm, isti-soyuğa, bərkə-boşa düşmüş adamam. Mənə və ora iş üçün gələnlərə qarşı nəzakətsiz davranışı qəbul edə bilmədim. Özümü çox pis hiss etdim, bayıra çıxdım, halım pisləşdi. Məni oradan Şamaxı rayon xəstəxanasına apardılar. Təzyiqim 200-ə qalxıb, ürəyimdə və sinir sistemində problemlər var. Fevralın 12-dən həkim nəzarətindəyəm, məni xəstəxanadan buraxmadılar. Beyindaxili qanaxmadan ehtiyatlanırlar. Ermənilər 4 il müharibədə məni xəstəxanalıq edə bilmədilər, amma Şamaxı rayon Qaz İstismar İdarəsinin rəisi məni belə bir vəziyyətə saldı». Allahverdi Dönməz qəzetmiz vasitəsilə ARDNŞ prezidenti Rövnəq Abdullayevə müraciət etdi: “Şamaxıya gəlib iş yerləri ilə bağlı göstəriş vermisiniz. Təəssüflər olsun ki, sizin bura təyin etdiyiniz kadrlar camaatı işlə təmin etmək əvəzinə, ora gələnləri müxtəlif bəhanələrlə bezdirirlər. Kim ki, haqqını tələb edir, onları şantaj yolu ilə oradan uzaqlaşdırırlar. Xahiş edirəm, Şamaxı rayon Qaz İstismar İdarəsinin rəisi barədə ciddi tədbir görülsün”.\\Tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.