Bakıda qumarbazlar obyekti bağlayıb, qaçdılar

22-02-2016, 17:59           
Bakıda qumarbazlar obyekti bağlayıb, qaçdılar

Fevralın 20-də Bakının Nizami rayonundakı “Neftçilər” metrostansiyasının çıxışında yeni açılan loto-qumarxana haqda məlumat vermişdik. Qanunsuz olaraq fəaliyyət göstərən qumarxana bu gün bağlanıb.

Musavat.com xəbər verir ki, bu gün qumarxananın qapıları bağlanıb, girişdə asılan “Elit klub” reklamı da yığışdırılıb. Ətrafdakı obyektlərdə çalışanların verdiyi məlumata görə, həmin məkan səhər saatlarında bağlanıb.

“Dünən obyekt açıq idi. Ancaq həmişəki kimi səsgücləndiricilər işləmirdi. Elə bil sakit şəkildə işləyirdilər. Bu gün isə obyekt bağlı olub. Səhərdən bir neçə dəfə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək, obyektə baxıblar. Lakin burada heç kim olmayıb. Eşitdiyimizə görə, obyekti bağlayıb, qaçıblar. Səhər tezdən reklamları çıxarıblar” - deyə qonşuluqdakı mağazalarda işləyənlər bildirdi.

Biz də ərazidə olarkən bir neçə mülki geyimli şəxsin obyektin qarşında dayandığını və ətrafda olanlarla sorğu-sual apardıqlarının şahidi olduq. Onlar obyektdə işləyənlər haqda məlumat öyrənməyə çalışırdılar.

Qeyd edək ki, bu ilin əvvəlindən Bakıda sürətlə loto-qumarxana məkanları açılmağa başlayıb. Artıq paytaxt Bakıda onlarla belə qumarxana fəaliyyət göstərir. Bu qumarxanaların fəaliyyəti ilə bağlı bir neçə dəfə məlumat dərc etmişik.

Ancaq hələlik ilk dəfədir ki, bu obyektlərdən birinin bağlanması hadisəsi baş verir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.