Hematologiyi Mərkəzində total yoxlama başlayıb – Rüşvət, mənimsəmə, saxtakarlıq...

29-06-2021, 18:59           
Hematologiyi Mərkəzində total yoxlama başlayıb –
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi, Maliyyə Nazirliyi və İcbari Tibbi Sıgorta Agentliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində yoxlamalar aparır.

Məlumatlı mənbədən "AzPolitika.info"-ya daxil olan xəbərə görə, adıçəkilən Mərkəzin direktoru Valeh Hüseynov barəsində ünvanlanan çoxsaylı şikayətlərə dövlət qurumları, nəhayət ki, reaksiya verib.

Mənbə bildirib ki, V.Hüseynov direktor təyin olunan gündən Mərkəzdə ciddi qanunsuzluqlara yol verib. Küllü miqdarda dövlət vəsaiti talan edilib, işçilərin qanunsuz işdən çıxarılması, əmək haqlarının düzgün hesablanmaması və mənimsənilməsi, istehsal edilən qan və trombosit kütləsinin xəstələrə pulla satılması və s. faktlar dövlət qurumlarını hərəkətə gətirib. Mərkəzin adının çəkilməsini istəməyən əməkdaşı redaksiyamıza bildirib ki, direktor Valeh Hüseynov və Qan Bankının müdiri Qumral Ələkbərova təkcə istehsal edilən trombosit kütləsinin xəstələrə, xüsusilə COVİD-19-a yoluxanlara satılmasından 700 min manat gəlir əldə ediblər. "Bir vahid trombosit kütləsi xəstələrə 500-600 manata satılıb", - deyə mənbə vurğulayıb.
Mərkəz əməkdaşının verdiyi məlumata görə, bundan əlavə ailə qurmaq istəyənlərdən profilaktika məqsədilə talassemiya, SPİD və sifilis kimi analizlər artıq 3 aydan çoxdur ki, aparılmır, onlardan qan nümunələri götürülmür. Əvəzində cütlüklərə analizlərin aparıldığı haqda arayış satılır.

Mənbə iddia edib ki, son həftələrdə leykozların diaqnozu ilə bağlı da analizlər aparlmır. Nəticədə xəstələr diaqnozsuz qaldıqları üçün onlara kimyaterapiya müalicəsi tətbiq olunmur. "Bundan əlavə Valeh Hüseynov və onun komandası xəstələrə qarşı istehsal tarixi bitmiş dərman preparatlarından, analizlər üçün tarixi başa çatmış reaktivlərdən istifadə edirlər. Yoxlamanın gəldiyini görüb dəyəri milyonlarla ölçülən dərmanları və reaktivləri sındıraraq atıblar", - deyə məlumatda qeyd olunur. İnformasiyada o da vurğulanır ki, dövlət müəssisəsi olmasına baxmayaraq, direktor təyin olunan gündən Valeh Hüseynov Mərkəzdə kassalar yerləşdirib. Qeyri-qanuni yığılaraq orada toplanan pullar isə Valeh Hüseynov və onun komandası tərəfindən mənimsənilib. Mənbə qeyd edib ki, hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzində geniş yoxlamalar aparılır.

Redaksiyamıza daxil olan məlumatlarla bağlı adıçəkilən Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsi və Valeh Hüseynovun köməkçisi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, medianın sorğularına ancaq Mərkəzin tabe olduğu TƏBİB cavab verə bilər.

Ötən həftə TƏBİB-ə göndərilmiş informasiya sorğusu isə hələ ki, cavablandırılmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.