Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildi

29-02-2016, 09:37           
Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildi
Ekspertlərə görə, bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır...
“Fitch Ratings” agentliyi Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsinə endirib. Azərbaycanın əvvəlki reytinqi “BBB-” səviyyəsində qiymətləndirilirdi. “Fitch” reytinqin endirilməsini ölkə iqtisadiyyatın karbohidrogen ehtiyatları ilə bağlı olması, neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarının azalması ilə izah edir. Reytinq üzrə proqnoz “mənfidir”.

Agentlik reytinqin endirilməsini neftin ucuzlaşmasından sonra dövlət büdcəsinin doldurulmasından yaranmış çətinliklərlə izah edib. Azərbaycanın yeni reytinq dərəcəsi- “BB+” səviyyəsi “spekulyativ” və ya “zibil” səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır.

Qeyd edək ki, yanvarın 29-da “Standard&Poor’s” reytinq agentliyi də Azərbaycanın uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirmişdi.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bunu gözlənilən qərar adlandırdı: “”S&P" agentliyi eyni hərəkəti bir ay əvvəl etmişdi. Buna görə də “Fitch”in reytinqimizi endirməsi gözlənilən idi. Səbəb aydındır: neftin qiymətinin düşməsi və neft hasilatının həcminin azalması üzündən ölkəmizin valyuta gəlirləri azalıb, iqtisadi böhran get-gedə dərinləşir. Buna görə də ölkəmiz üzrə xarici investorların riskləri artır. Reytinqimiz də onlara bu barədə xəbərdarlıq edir. Təbii, həm dövlətimiz, həm sahibkarlarımız üçün bundan sonra xaricdən uzunmüddətli və ucuz kreditlər cəlb etmək çətinləşəcək. Bizə daha az müddətə və daha yüksək faiz dərəcəsi ilə kredit verəcəklər. Hər hansı kredit müqaviləsində reytinqin aşağı düşməsi səbəbi ilə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək imkanı nəzərdə tutulubsa, təbii, həmin xarici və ya beynəlxalq kreditor bu hüququndan istifadə edə biləcək".

Qeyd edək ki, ekspertlər Azərbaycanın kredit reytinqinin “zibil” səviyyəyə endirilməsinin borclanmada ciddi əngəl yaradacağını vurğulayırlar. Bir müddətdir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının reytinqi ilə bağlı bədbin proqnozlar verir. Bundan əvvəl “Moody’s” da Azərbaycanın kredit reytinqini “Ba1" pilləsinə qədər azaldaraq onu gələcəkdə də mövqeyinin endirilə biləcək səviyyəyə yerləşdirib.

Ekspertlər bildirirlər ki, reytinqin düşməsi banka etibarın azalması deməkdir. Reytinq ölkənin borclarını ödəmək qabiliyyətindən xəbər verir. Aşaği reytinq etibarın azalması və dövlətin borclarını vaxtında ödəmək qabiliyyətinə şübhələrin artması deməkdir. Neft gəlirlərimnin azalması borcları tam və ya vaxtında ödəyə bilməmək təhlükələri yaradır. Risk artdığı üçün kreditlərdə faiz dərəcəsi də yüksək olacaq. Reytinqin düşməsi o deməkdir ki, ölkəyə investisiya qoymaq olmaz. Ölkə borc alsa, çox yüksək faizlə almalıdır, yəni iqtisadi dayanıqlıq yoxdur.

Ekspertlər habelə vurğulayır ki, aşağı kredit reytinqləri ölkəyə investisiya cəlbini çətinləşdirəcək. Bu, investisiya riskinin yüksək olması deməkdir. Xüsusən xarici investorların Azərbaycanın bank sektoruna cəlbinə mənfi təsir göstərəcək. Reytinqin düşməsini görən xarici investorlar bank sektorundan öz vəsaitlərini geri çəkə bilərlər.

Ekspert Rəşad Həsənov da qeyd edir ki, kredit reytinqinin aşağı salınması gözlənilən idi: “Risklər artdıqca, kredit reytinqi aşağı düşməlidir. Bunun Azərbaycan üçün mənfi tərəfi ondan ibarətdir ki, bundan sonrakı borclanmalarda daha çox tələblərlə üzləşəcəyik. Eyni zamanda müddət məsələsində də ölkəmiz çətinliklərlə üzləşə bilər və daha bahalı faizlərlə borclanacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.