“Kredit güzəştləri müsbət addımdır, amma... ” - Ekspert danışır
29-07-2021, 08:31

Ötən gün baş nazir tələbə kreditlərinin verilməsi ilə bağlı qərarı təsdiq edib. Belə ki, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.
Qaydada təhsil tələbə kreditinin növləri və kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Qaydaya əsasən təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrinin üzvü olan tələbələr istifadə edə biləcəklər. Hər iki növ üzrə kreditin verilməsində şərtlər və tələblər mövcuddur.
Kreditlərin verilməsi fondla müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək. Tələbələrdən girov və zaminlik tələb olunmur və təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcəkdir. Qaydada təhsilin keyfiyyətinin stimullaşdırılması məqsədi ilə güzəştlər sistemi də nəzərdə tutulub. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və sair əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.
Bəs prosedur necə olacaq? Hansı tələbələr yararlana biləcək?
Təhsil naziri Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Təhsil tələbə kredit fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə ciddi şəkildə böyük dəstək olacaq. Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda görürük ki, siyahıda kifayət qədər mübahisəli məqamlar var. Belə ki, ilk olaraq qeyd edilir ki, təhsil tələbə kredit fondundan iki kateqoriya kredit veriləcək: sosial və standart kreditlər. Tələbələr birinci tədris ilinin ilk semestrindən etibarən kredit fondundan istifadə edə biləcəklər. Lakin burada istifadə etmək hüququna malik olanların kateqoriyası çox dardır. Məsələn, orada bildirilir ki, sosial kreditdən istifadə edən 3-cü dərəcəli əlliliyi olanlar. Bilirik ki, 1-ci və 2-ci qrup əlliliyi olan şəxslər azaddırlar. 3-cü qrup əlliliyi olanlar isə təbii ki, müəyyən qədər çətinlik çəkirdilər, ona görə də hesab edirəm ki, bu çox ciddi bir güzəştdir.
2-ci kateqoriya kredit isə hər iki valideyni əlil olan şəxslər də istifadə edə bilər. Amma burada mübahisə doğan məqam ondan ibarətdir ki, qanunvericiliyə görə, 1-ci və 2-ci qrup dərəcəli əlil olan şəxslər onsuz da təhsil ödənişindən azad idilər. Burada müsbət yenilik işsiz kimi qeydiyyatda olan və onların ailə üzvləri təhsil ödənişindən azaddır. Qaydaya görə, hər iki valideyn 1-ci və 2-ci qrup əlil olmalıdır. Əgər valideynlərdən biri əlil olmazsa, bu zaman tələbə kredit güzətlərindən istifadə edə bilməyəcək. Yaşa görə əmək pensiyası, sosial müavinət alanlar, onların övladları da sosial təhsil tələbə kredit fondundan istifadə edə biləcək. Bu, olduqca müsbət addımdır.
Digər istifadə etmək hüququ standart kreditlərdir. Burada çatışmazlıq ondan ibarətdir ki, ümumi orta müvəffəqiyyət ölçüsü qoyulub. Kimin ki ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarıdır, bu zaman müraciət edə bilər. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Ola bilər ki, bu, tələbələri orta müvəffəqiyyət göstəricisini yüksəltməsinə sövq edəcək, amma ümumilikdə məhdudiyyət qoymaq doğru deyil. Çünki ola bilər ki, müəyyən səbəblərdən tələbənin orta müvəffəqiyyət göstəricisi aşağıdır.
Həmçinin illik təhsil haqqının 20 faizini ödəyərək, daha sonra isə kredit götürmək olar. Hesab edirəm ki, bu da müsbət addımdır, sosialyönümlüdür".
Kamran Əsədov qeyd edib ki, kredit fondu bütün təhsil haqlarına aid olmayacaq:
“Burada kredit fondunun himayəçilər şurası tərəfindən müəyyənləşdirilmiş məbləğdə, yəni 2500-3000 manata qədər təhsil haqları ödəyən tələbələr kreditlərdən yararlana biləcəklər. Bu anlaşılandır, lakin fikrimcə, yüksək təhsil haqqı ödəyənlər də kreditdən yararlanmalıdırlar. Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Son müddət 10 il göstərilib və hesab edirəm ki, bu kifayət qədər yaxşı haldır. Ən azı məsuliyyət olacaq. Amma qeyd edim ki, təhsil tələbə kredit fonduna görə hər hansı zamin, digər öhdəliklər tələb olunmayacaq. Ən vacib müsbətlərdən biri də kredit məbləğinin sığortalanmasıdır. Tutaq ki, hansısa bədbəxt hadisə nəticəsində şəxs ödəmə qabiliyyətini itirəcəksə, məbləğ sığortalanır və dövlət tərəfindən ödənilir”.
“Yeni Müsavat”