“Manatın möhkəmlənməsinə qətiyyən imkan vermək olmaz” - Sərt karantin inflyasiya və bahalaşma gətirəcək...
30-07-2021, 11:23

ABŞ Mərkəzi Bankı (FED) sədri Jerome Povell Bankın Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul ayı yığıncağının ardından keçirdiyi mətbuat konfransında çıxış edib.
Jerome Povell "Yığışma (bərpa, toparlanma) tamamlanana qədər pul siyasəti dəstəkləyici qalmağa davam edəcək" deyib.
O, inflyasiyanın bir neçə ay daha 2% hədəfinin üzərində qalmasını gözlədiklərini söyləyib.
Qeyd edib ki, əhalinin xərcləmələri sürətli bir şəkildə artır: “İnflyasiya müsbətdir və geriləməyə başlamadan əvvəl qarşıdakı aylarda yüksəlməyə davam edəcək.
İnflyasiyadakı yüksəlişdə artan neft qiymətlərinin də təsiri var.
Ola biləcək inflyasiya gözləniləndən daha yüksək və qalıcı ola bilər.
İnflyasiyanın FED-in 2% hədəfinə düşməsini gözləyirik. İnflyasiya çox yüksək qalarsa, FED hərəkətə keçəcək”.
Neftin qiymətindəki artımın və pandemiya ilə bağlı mövcud vəziyyətin Azərbaycanda inflyasiya səviyyəsinə təsiri necə olacaq?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiya ilə manatın dəyərinin formalaşması mexanizmi arasında qarşılıqlı əlaqə yoxdur: “Dünya ölkələrinin milli valyutalarında vəziyyət belədir ki, inflyasiya yüksələndə, onların milli valyutalarının dəyəri ucuzlaşır, aşağı düşür. Məsələn, biz hər zaman neftin qiyməti qalxanda ABŞ valyutasının dəyərinin ucuzlaşdığının şahidi oluruq.
Yəni bu mexanizm, qarşılıqlı əlaqə dünya ölkələrində özünü əyani göstərir. Ancaq bizdə manatın dəyəri bilavasitə neftdən gələn gəlirlərdən asılıdır.
Ölkəyə nə qədər çox valyuta daxil olursa, bu, manatın dəyərinin möhkəmlənməsinə, onun sabit qalmasına şərait yaradır. Ona görə də real şəraitdə bizdə manatın dəyərinin ucuzlaşması üçün heç bir əsas yoxdur. Çünki bizim dövlət büdcəsində neftin dünya bazar qiymətinin dəyəri 40 dollar götürülüb, ancaq real olaraq dünya bazarlarında qiymət ondan iki dəfə yüksəkdir. Demək, manatın dəyəri üçün heç bir təhlükə mövcud deyil. Ancaq ölkədə inflyasiya 4 faizdən yuxarıdır.
İlin əvvəlindən üzübəri istehlak bazarında qiymətlərin artmasını müşahidə edirik. Bu il üzrə hökumət inflyasiya proqnozunu 2 və 4 faiz arasında nəzərdə tutsa da, elə indidən 4 faizi keçmiş durumdadır. Bu, onu göstərir ki, manatın məzənnəsi ilə istehlak qiymətlərinin artımı arasında hər zaman oduğu kimi real əlaqə mövcud deyil. O ki qaldı FED rəhbərinin fikirlərinə, bu gün ABŞ dolları dünya bazarlarında digər valyutalara nisbətən dəyər itirməkdədir. Bu da əslində Amerika iqtisadiyyatı üçün əlavə bir stimullaşdırıcı xarakter daşımaqdadır”.
Ekspert bildirib ki, əgər bir ölkənin milli valyutası ucuzlaşırsa, həmin ölkənin ixrac qabiliyyəti, yəni istehsal etdiyi məhsulların ölkədən kənara satış şansları artır: “Bu mənada hazırda, xüsusilə də pandemiyadan çıxan şəraitdə bütün inkişaf etmiş ölkələrin əsas qayğısı, nail olmaq istədikləri hədəf milli valyutaları bacardıqları qədər bahalaşmağa qoymamaq, əksinə ucuzlaşdırmaqdır. Bununla da ölkənin istehsal etdikləri məhsulları daha çox kənara ixrac olunmasına nail ola bilərlər. Bu proses hər zaman müşahidə olunur və adi bir rəqabətin tələb etdiyi normal amil xarakteri daşıyır.
Azərbaycanda isə neftin qiymətinə görə manat möhkəmlənməyə meyillidir. Bu isə ölkənin ixrac qabiliyyəti üçün heç də qənaətbəxş sayılmamaqdadır. Doğrudur, statistikaya əsasən, ölkədə ixracla bağlı vəziyyət o qədər də bədbin fikir söyləməyə imkan vermir, vəziyyət qənaətbəxş səviyyədədir. Ancaq manatın möhkəmlənməsinə qətiyyən imkan vermək olmaz. Ən azından hökumət onun sabit saxlanmasına çalışır ki, bu yolla da Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaqla, ixrac qabiliyyətini genişləndirmək əsas hədəf tutulur”.
Ekspertin sözlərinə görə, pandemiya ilə bağlı əvvəlki qaydada yenidən məhdudlaşdırmalar tətbiq olunarsa, bu, ötən ilkindən daha ağır nəticələr verə bilər: “Çünki ölkə iqtisadiyyatı inkişaf etdiyi bir şəraitdə pandemiya burulğanına daxil olduq. Hökumət iqtisadiyyatda məhdudlaşdırıcı tədbirlərə getdi. Biz bundan az itkilərlə, 4,3 faiz iqtisadi tənəzzüllə çıxdıq.
İndi iqtisadiyyat canlanmağa başladığı şəraitdə yenidən eyni vəziyyət təkrar olunarsa, artıq bu, həm dünya, həm də onun bir tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatı üçün çox ağır nəticələr verə bilər. Nəinki inflyasiya ilə bağlı, ümumiyyətlə, yenicə təşəkkül tapmaqda olan iqtisadi canlanmanın qarşısı çox kəskin şəkildə alına bilər. Yenidən bərpa prosesini bundan sonra bir xeyli də gözləyə bilərik”.