«Salyan Oil» şirkətində Azərbaycan qanunları işləmir

3-03-2016, 12:29           
«Salyan Oil» şirkətində Azərbaycan qanunları işləmir
«Salyan Oil» Əməliyyat Şirkətinin işçilərinin maaşını artırması xəbəri bəzi KİV-lərin manşetinə çevrilib. Həmin məlumatlarda bildirilir ki, fevral ayının ödənişlərindən başlayaraq əməkhaqqı 10 faiz artırılıb.

Bundan başqa, işsizliyin aradan qaldırılmasına kömək məqsədilə əlavə 100 nəfər yeni fəhlə müddətli müqavilə ilə işə götürülüb. Hazırda müəssisədə 900 nəfərə yaxın işçi çalışır, sutkalıq neft hasilatı isə 600-700 tondur. Xatırladaq ki, ötən ilin dekabr ayının 25-də «Salyan Oil» Əməliyyat Şirkətinin 300-ə yaxın fəhləsi şirkətin Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçirmişdilər. Şirkətin çinli baş meneceri Shan Lianzhengin əmri ilə şirkətdə işləyən fəhlələrin əməkhaqqı qənaət adı ilə 33 faiz kəsilmişdi. Bu isə bütün neft əməliyyat şirkətləri arasında onsuz da daha az əməkhaqqı alan “Salyan Oil” neftçilərinin məvacibini minimuma endirmişdi.
Aparılan araşdırmalar nəticəsində məlum olur ki, şirkətdə cüzi maaş artımına baxmayaraq, işçilərin hüquqları kobud surətdə pozulur. İşçilərə qarşı sanki qul münasibəti bəsləyən şirkət rəhbərliyi hər fürsətdə onların haqqını tapdalayır: «Əməliyyat şirkəti demək olar ki, Azərbaycan qanunlarını tanımır. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təmin olunmur. Halbuki, ölkəmizin Konstitusiyasının 35.4-cü maddəsində qeyd olunub ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ var. Bundan başqa, Əmək Məcəlləsinin 207-ci maddəsində isə təsbit olunub ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Həmin qanunun 215-ci maddəsində isə müəssisənin işçilərin iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu göstərilir. Amma qanunun tələblərinə baxmayaraq, sözügedən şirkətdə insan amilinə xüsusi önəm verilmir. Məhz bunun nəticəsidir ki, iş prosesində indiyə kimi onlarla fəhlə ciddi xəsarət alıb, hətta ölüm işləri baş verib. Şirkət rəhbərliyi isə hansısa vasitələrlə həmin bədbəxt hadisələri ört-basdır etməyi bacarıb».

Araşdırmalar göstərir ki, «Salyan Oil» şirkətində işçilər normadan artıq işə cəlb olunsalar da, bu saatların məbləğləri az göstərilir və ya ikiqat ödənilmir. Şirkətdə yerli işçilərlə xarici işçilər arasında əməkhaqqı sahəsində kəskin fərqlər var. Belə ki, yerli işçilər xarici işçilərdən qat-qat aşağı əmək haqqı alırlar. Qeyd edək ki, «Salyan Oil» şirkətində baş vermiş bəzi bədbəxt hadisələr haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Geniş araşdırma apardıqdan sonra həmin faktlarla bağlı yazı dərc edəcəyik. Hesab edirik ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri bu şirkətdə yoxlama aparsalar, bəzi qaranlıq məqamlara aydınlıq gətirilə bilər.

Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.