“Jurnalistlər polislə əməkdaşlıq edənlərin müsbət obrazını yaratmalıdır”

7-03-2016, 13:30           
“Jurnalistlər polislə əməkdaşlıq edənlərin müsbət obrazını yaratmalıdır”
Prezidenti İlham Əliyevin fərmanı ilə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası"na əsasən, vətəndaşlar ictimai asayişin qorunmasında polislə əməkdaşlıq edəcəklər.

Fərmana əsasən, yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında polislə işbirliyinə cəlb ediləcıklər. Polislə əməkdaşlıq edən şəxslər xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqələrlə təmin olunacaqlar.

Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu fərmanla bağlı Modern.az saytının suallarını şərh edib.

- Əli müəllim, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası" barədəki fərmanın əhəmiyyəti haqqında nə deyə bilərsiniz ?

- Cənab prezidentin imzaladığı bu fərman çox əhəmiyyətli bir sənəddir. Ümumiyyətlə, vətəndaşların ictimai asayişin qorunmasına cəlb edilməsi çox aktual məsələdir. Belə təcrübə bütün inkişaf etmiş ölkələrdə də mövcuddur. Bu hüquqi praktika əksər Qərb və potsovet ölkələrində tətbiq olunmaqda davam edir.

Hələ 2009-cu ildə ictimai asayişin və təhlükəsizliyin təmin olunması haqqında qanun layihəsi də mövcud idi. O zaman bu məsələnin həmin qanun layihəsi ilə tənzimlənməsi nəzərdə tutulurdu. Bu barədə təbii ki, daxili işlər orqanlarının da rəy və təklifləri var idi. Belə bir məsələnin ələbəttə ki, qanunla yox, məhz ölkə prezidentinin fərmanı ilə tənzimlənməsi daxili işlər orqanlarının qəbul edəcəyi əmr və normativ hüquqi akatlarla tənzimlənməsindən daha düzgündür. Çünki daha sonra əgər lazım gələrsə, bu qaydalara bir sıra dəyişiklikləri də daha rahat və çevik həyata keçirmək mümkün olacaq.

Əslində cənab prezidentin bu fərmanı ilə fiziki sağılam, məhkumluğu olmayan gənclər vakant yerlərə müvafiq işlə də təmin olunacaqlar. Bu baxımdan ictimayyətə , dövlətə xidmət etmək istəyən gənclər, təcrübəli insanların işlə təmin olunması çox əhəmiyyətlidir. Əsasən də o kəslərin ki, onların daxilində dövlətə ,vətənə , dövlətçiliyə , insanlara xidmət etmək xisləti var.

- Deməli, ictimai asayişin qorunması təkcə polisin, yaxud hüquq-mühafizə orqanlarının işi deyil?

- Təbii ki, belə bir sistemin yaradılması ictimai asayişin yalnız daxili işlər orqanlarının, digər hüquq-mühafizə və güc strukturlarının işinin olmadığı anlamına gəlir.

Əlbəttə, asayişin təmin olunması hüquqi baxımdan həmin orqanların vəzifələrdir. Təqdirəlayiq haldır ki, Azərbaycanın polis orqanlarında xüsusən son illər əhəmiyyətli islahatlar aparılıb. Gənclər polis orqanlarına işə qəbul olunub. Hətta daxili işlər naziri Ramil Usubovun özünün keçirdiyi qəbullarda gənclərin birbaşa işə götürülməsi həyata keçirilib. Eyni zamanda test üsulunun tətbiq olunması da ordudan sonra bir çox gənclərin polis orqanlarında xidmət etməsinə gətirib çıxarır. Son illər həmçinin polis orqanlarında struktur islahatları həyata keçirilib, ağır cinayət işlərinin açılmasında polisin əhəmiyyətli fəaliyyətini görürük. Təqdirəlayiq haldır ki, polisi həm də bir sıra hadisələr zamanı - yanğın , hansısa bir fövqəladə fəlakətlər baş verdikdə vətəndaşın yanında görürük. Cəmiyyətimizdə bu gün polisin nüfuzu artmaqdadır. İctimai asayişin qorunması bütün cəmiyyətin, vətəndaşların işdir. Demirəm ki, vətəndaşların vəzifəsidir. Amma ictimai asayişin qorunması cəmiyyət olaraq hamımıza aid olan işdir.

- Yeni qaydalar cəmiyyətdə nəyi dəyişə biləcək?

- Küçədə, ictimai yerdə hansısa xoşagəlməz, neqativ, hüquqazidd əməl baş verirsə, bunun qarşısının alınması ilə bağlı vətəndaş da öz töhfəsini verməlidir. Bu baxımdan hesab edirəm ki, bu sistemin yaradılması yalnız fərmanda göstərilən ictimai asayişin qorunmasına cəlb ediləcək vətəndaşların yox, ümumilikdə digər vətəndaşların da ictimai asayişin qorunmasında könüllülük yaradacaq. Yəni ictimai şüurda bir dəyişiklik olacaq. Biz artıq görəcəyik ki, cəmiyyətdə və ictimai yerlərdə baş verən xoşagəlməz, neqativ hadisələr azalacaq. Yəni hansısa avtobus sürücüsünün nəqliyyat vasitəsini kobud şəkildə idarə etməsindən tutmuş hansısa ictimai yerdə , restoranda bir nəfərin digərlərinə qarşı qeyri-etik hərəkətinə qədər biz ictimai qınağı görəcəyik. Bir xoşagəlməz hadisə baş verəndə danışmaq, deyinmək yox, olayın qarşısının alınması hərəkəti müşahidə olunacaq.

- Bəzi insanların altşüurunda ictimai asayişin qorunmasına cəlb edilən vətəndaşlarla bağlı heç də birmənalı düşüncə yoxdur. Bir çoxları polislə əməkdaşlıq edənlərə SSRİ-i zamanında olduğu kimi, “drujiniklər”, “xəbərçilər” kimi baxırlar...

- Təəssüflər olsun ki, bununla bağlı bir sıra tənqidi fikirlər də olur. Bəziləri onları keçmiş sovetlər zamanında olmuş “drujiniklər”, “xəbər çatdıranlar”, “məlumat verənlər” adlandırırlar.

Mənə elə gəlir ki, bizim xalqımıza və millətimizə məxsus olan çox yaxşı ənənələr və davranış qaydaları mövcuddur. Bu qeyd etdiyimiz neqativ hallar cəmiyyətin şüurunda zaman-zaman kənar təsirlər nəticəsində yer alıb. Bir sıra hallarda belə bir psixoloji məqam var: kimlərsə ictimai qınağı pis bir iş kimi də qəbul edirlər. Amma deməzdim ki, belə hallar çoxdur.

- Amma Qərb ölkələrində vətəndaşların bu cür ictimai əhəmiyyətli işlərlə məşğul olmasına mənfi tendensiyalarla yanaşılmır...

- Mən hesab edirəm ki, Qərb və inkişaf etmiş ölkələrin hüquqi dövlətçilik tarixi qədim olduğu üçün bu dövlətlərdə ictimai qınağa normal yanaşırlar. Çünki uzun illər hüquq mexanizm işləyib, insanların şüuraltına bu cür davranışlar oturuşub və hətta gündəlik həyat tərzlərinə çevrilib.

Düzdür, bizim də dövlətçilik tariximiz qədimdir. Amma hüquqi dövlətçilik tariximiz gənc olduğuna görə, hələ də ictimai qınaq məsələlərində cəmiyyətin altdüşüncəsində bu cür neqativ yanaşmalar müəyyən dərəcədə qalmaqdadır.

Hər bir yenilik tətbiq olunanda öncə ağır qəbul olunur, sonrada isə öz işlək mexanizminə düşür. Məsələn, cəmi 2-3 gündür ki, bizim İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib. Protokolların elektron formada tərtibi məsələsinə adekvat olaraq sürücülər artıq kəmərlərdən istifadə edirlər. Biz zamanla görəcəyik ki, bir müddətdən sonra ictimai asayişin qorunmasında cəmiyyətin , insanların rolu da sağlam vərdişə, normal yanaşmaya çevriləcək.

- İctimai qınağa neqativ, birmənalı olmayan münasibətləri cəmiyyətin, insanların şüurundan kənarlaşdırmaq üçün hansı addımlar atılmalıdır ?

- Bu məsələdə gərək daha çox televiziyalar ictimai asayişin qorunmasında iştirak edəcək vətəndaşların müsbət obrazlarını yaratsınlar. Bəzən media daha çox cüzi olan neqativləri göstərib bir sıra hallarda “komik ” obrazlar da yaratmağa çalışır. Məncə, daha çox müsbət obrazları yaratmaq lazımdır ki, insanlar hüquq-mühafizə və polis orqanlarına güvənsinlər. Gərək biz hədəf kimi hüquq-mühafizə və polis orqanlarında müsbət obrazları götürək ki, cəmiyyətdə də buna uyğun olaraq ictimai şüur və düşüncə formalaşsın.
Jurnalistlər hansısa ağır bir cinayətin qarşısını almış vətəndaşı nümunə göstərməlidrilər ki, digər insanlar da bunu görüb cəsarətlənsinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.