"Manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək" - İqtisadçı alimdən xəbərdarlıq

9-03-2016, 23:55           
"Manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək" - İqtisadçı alimdən xəbərdarlıq
"Azərbaycan Mərkəzi Bankı üzən məzənnə siyasətinə tam keçidi təmin etmək üçün eksperiment aparır. İlk vaxtlar üzən məzənnəyə keçidə cəhd edən Mərkəzi Bank, sonradan bu siyasətdən geri çəkilərək, bir müddət manatın məzənnəsini cüzi də olsa bahalaşdırmaqla, hazırda isə əks proseslərə rəvac verməklə baş verən dəyişiklikləri dəyərləndirməyə, valyuta bazarı iştirakçılarının və əhalinin davranışlarını öyrənməyə çalışır. Hesab edirəm ki, hazırkı siyasət hələ bir müddət davam edəcək və manat yenə də ucuzlaşdırılaraq öz gerçək dəyərinə yaxınlaşdırılacaq”. Mia.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu vurğulayıb.

Qubad İbadoğlunun qənaətinə görə, manatın gerçək dəyərinin alıcılıq qabliyyətinin paritetləri əsasında müəyyənləşdirmək mümkündür.: "Əgər biz ekspertlər bunu biliriksə, heç şübhəsiz ki, Mərkəri Bank da belə bir hesablama aparıb və manatın ABŞ dollarına nəzərən gerçək dəyərini müəyyənləşdirib və bu halda onlar da başa düşür ki, manatın sabitləşməsi və ona olan inamın bərpası yalnız həmin nisbət təmin olunanda mümkündür. O səviyyəyə çatmaq üçün qısa, orta və uzun müddətli yanaşmalar mövcuddur.

Qısa müddətli yanaşma üzən məzənnəyə tam keçidlə təmin edilr və bu zaman məzənnə bazar iştirakçılarının milli və xarici valyutaya olan tələb və təklifi əsasında satış əməliyyatları ilə tarazlaşdırılır. Bu zaman Mərkəzi Bank müstəsna hallarda məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini "hamarlaya” bilər.

Orta müddətli yanaşma hazırda tətbiq olunandır. Belə ki, manatın məzənnəsi Mərkəzi Bankın valyuta bazarında satış əməliyyatlarına aktiv müdaxiləsi ilə hərdən ucuzlaşdırılmaqla və hərdən də bahalaşdırılmaqla hədəfə yaxınlaşdırılır.

Uzunmüddətli yanaşma isə təsbit edilmiş məzənnə rejimi ilə milli valyutanın xarici valyutaya qarşı aylarla dəyişməz saxlanılması və bir müddətdən sonra devalvasiya aparılmasıdır. Bu yanaşma valyuta ehtiyatları kifayət qədər olanda həyata keçirilir.

Hazırda Mərkəzi Bankın buna imkanı olmadığından əvvəllər tətbiq olunan belə yanaşma gündəmdə deyildir.Odur ki, hesab edirəm ki, orta müddətli dövrdə Mərkəzi Bank manatı sərbəst dönərli valyutalara nəzərən ucuzlaşdırmaqla tam üzən məzənnə rejiminə keçidə hazırlamaqla məşğul olacaq. Çünki, başqa alternativ qalmayıb.

Qarşıdan Azərbaycanın iş təqvimində ən uzun tətilinin gəldiyini, tətil zamanı xaricə səfərlərin çoxalacağını və valyutaya olan tələbin artacağını nəzərə alsaq, bayramqabağı günlərdə manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.