Azərbaycanda müftə uşaq doğmaq imkansızdır... - Sözdə pulsuz olan səhiyyəmiz...
10-03-2016, 22:12
2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanaları pulsuz tibbi müalicə və müayinəyə keçib. Dövlət xəstəxanalarına müraciət edən sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, tibbi müalicə və müayinənin, o cümlədən doğuşun pulsuz olması yalnız sözdədir.
Xəstəxanalara övlad dünyaya gətirmək üçün müraciət edənlərdən, bəzi dövlət xəstəxanaları, ya pul almamış doğuşa buraxmırlar, ya da onlara çox laqeyd yanaşırlar. Ötən ay dövlət xəstəxanalarının birində övlad dünyaya gətirən Xədicə Aslanova da həmin tibb müəssisəsində pulsuz xidmətin olmadığını qeyd etdi:
“Doğuşdan bir gün öncə xəstaxanada yerləşdirilmişdim. Təzə gələndə xəstəxana daxilinə vurulan elan lövhələrində burada vətəndaşlara pulsuz tibbi xidmət göstərildiyi və lazımi dərmanların pulsuz verildiyini oxumuşdum. Amma yazılar elə yazı olaraq da qaldı. Doğuşa və digər müalicələrə görə pul istəyirlər. Deyəndə ki, hər şey pulsuz olmalıdı, bu onların xoşuna galmirdi. Mən də məcbur olub nə istəyirdilər verirdim ki, bircə üç gün özümə də, uşağıma da yaxşı baxsınlar”.
Xanım şikayətçi onu da bildirdi ki, pul verməyən xəstələrə laqeyd münasibət göstərirlər. Xədicə Aslanova xəstəxanada qaldığı 3 gün müddətində 400 manata yaxın pul xərclədiyini dedi.
Xədicə Aslanova dövlət xəstəxanalarının xidmətindən narazı qalan yüzlərlə sakindən biridir. Onun kimi xəstələrin sayı kifayət qədərdir. Onların dediklərindən bəlli olur ki, dövlət xəstəxanasında bir övlad dünyaya gətirmək üçün ən azı 300 manatından keçməlisən. Xəstələrin doğuş üçün dövlət xəstəxanalarına müraciət etmələrinin başlıca səbəbləri özəl tibb müəssisələrində qiymətlərin həddindən artıq yüksək olmasıdır. Amma dövlət xəstəxanalarına da gələnlərin burada kifayət qədər pul xərclədiyini nəzərə alsaq, imkansız insanların vəziyyətini təsəvvür etmək heç də çətin deyil.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyir ki, konstitusiyaya görə, ölkədə fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında müayinə və müalicə pulsuzdur. “Heç kim xəstədən pul ala bilməz. Bu, eyni zamanda mama-ginekologiya bölməsinə də aiddir. Yox, əgər belə bir fakt aşkar olunarsa ki, hansısa dövlət xəstəxanasında xəstədən pul alırlar, o zaman xəstə Səhiyyə Nazirliyinə müraciət etməlidir. Bu, cinayət işidir”, - deyə millət vəkili bildirdi.
Səhiyyə Nazirliyindən də bütün dövlət tibb müəssisələrində göstərilən xidmətlərin tamamilə pulsuz olduğunu bildirdilər: “Amma əgər kimsə neqativ halla qarşılaşarsa, o zaman Səhiyyə Nazirliyinin qaynar xətti olan 9103 nömrəsinə zəng vursun. Şikayətçilərin məsələsini Nazirliyin müvafiq strukturu araşdırır, əgər fakt təsdiqini taparsa, onda həmin xəstəxana və pul alan tibb işçilərinə qarşı müvafiq tədbirlər görüləcək”.
Xarici ölkələrdə ana olmaq istəyənlər bu məsələlərə görə narahat olmurlar. Məsələn, Ukraynada əgər sən həmin ölkənin vətəndaşısansa, özəl xəstəxanalarda sığorta ilə, ya da dövlət xəstəxanalarında tamamilə pulsuz övlad dünyaya gətirə bilərsən.
Son illər Azərbaycanda tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində bir çox işlər görülsə də, təəssüf ki, əhaliyə göstərilən xidmətlər sahəsində hələ də çatışmazlıqlar var. Dövlət xəstəxanalarında müalicə və müayinələrin pulsuz olduğu qanunla nəzərdə tutulsa da bir çox yerlərdə buna əməl olunmur. Buna görə də, bu sahəyə cavabdeh qurumlar nəzarəti gücləndirməlidir. Həmçinin sakinlər də, neqativ hallarla qarşılaşdıqları zaman bununla mübarizə aparmalıdırlar.