“Manat ucuzlaşmaqda davam edəcək” - Vahid Əhmədov

10-03-2016, 23:38           
“Manat ucuzlaşmaqda davam edəcək” - Vahid Əhmədov
“Azərbaycanın milli valyutası hələ bazar dəyərini qazanmayıb, neft qiymətlərinin bahalaşmasına baxmayaraq, manatın dollara nisbətdə ucuzlaşmaqda davam etməsi bununla izah olunur”.

teref.az xəbər verir ki, bu barədə Turan agentliyinə müsahibəsində Parlamentin iqtisadi siyasət üzrə komitəsinin üzvü Vahid Əhmədov bildirib.
O, AMB-nin “tez və ya gec öz bazar dəyərini tapmalı olan” manatın məzənnəsinin düzəldilməsinə müdaxilə etməməsini doğru hesab edir.
Yaxın gələcək üçün dollar-manat məzənnəsini proqnozlaşdırmaq xahişinə cavabda Əhmədov bildirib ki, manatın yenidən kəskin devalvasiyaya uğrayacağını gözləmir.
Bununla belə, o qeyd edib ki, neft qiymətlərinin bahalaşmasına baxmayaraq, manat bazar qiymətini tapana qədər ucuzlaşmaqda davam edəcək.
Azərbaycan iqtisadiyyatının dollarlaşmasını və bunun mənfi təsirlərini şərh edən Əhmədov bildirib ki, bu, manat və bütünlükdə maliyyə bazarı üçün böyük risklər yaradır.
Buna qarşı mübarizə üçün dövlət başçısı Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıb və digər qərarlar, qanunlar, fərmanlar qəbul edilib.
Manata qarşı etimadın bərpası üçün parlament həm də əmanətlərin tamamilə sığortalanması haqqında qanun qəbul edib. Amma bu etimadın möhkəmlənməsi və insanların öz əmanətlərini banklara qaytarması üçün zaman lazımdır.
İqtisadi böhran şəraitində Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankın fəaliyyətini qiymətləndirmək sualına cavabda Əhmədov deyib ki, sözügedən idarələrin uzlaşdırılmış fəaliyyəti sayəsində 2015-ci ildə inflyasiyanı 4% səviyyəsində saxlamaq mümkün olub. Dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı problem yaranmayıb, ÜDM-in 1% artımına nail olunub, sənaye isə 8% artıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar AMB ilə bəzi fikir ayrılıqları ola bilər, amma zamanla bu ziddiyyətlər aradan qalxacaq, deputat belə hesab edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.