Deputat və oğluna qarşı 1 milyon 200 minlik iddia

11-03-2016, 09:31           
Deputat və oğluna qarşı 1 milyon 200 minlik iddia
Elmira Axundovanın oğlu məhkəmədə qaldırdığı qarşılıqlı iddianı geri götürdü

Deputat Elmira Axundova və oğlu Həbib Axundovla qocaman jurnalist Firuz Həşimov arasında məhkəmə çəkişmələri davam edir. Tərəflər bir-birini böhtan və təhqirdə günahlandırırlar. Deputatın Firuz Həşimova qarşı “Gündəlik Bakı” qəzetində dərc olunmuş məqalələrlə əlaqədar qaldırdığı iddiaya Xətai Rayon Məhkəməsində və daha sonra Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Deputat Firuz Həşimovun təkzib verməsi, üzr istəməsi və ondan 100 min manat təzminat tutulmasını tələb edirdi. Təzminat istisna olmaqla, iddia digər hissələrdə təmin olunub. Apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Firuz Həşimov qərarla razılaşmayaraq, Ali Məhkəməyə kassasiya şikayəti verib.
Firuz Həşimov da öz növbəsində Elmira Axundovanı keçən ilin noyabrında “Üç nöqtə” qəzetində dərc olunmuş fikirlərinə görə məhkəməyə verib. “Əli Həsənovun bəzi media orqanları ilə bağlı dediklərinə deputatdan dəstək” başlıqlı məqalədə Elmira Axundovanın onu təhqir etdiyini, böhtan atdığını iddia edən 80 yaşlı jurnalist deputatın üzr istəməsini, təkzib verməsini, üstəlik, ondan mənəvi ziyanın əvəzi kimi, 600 min manat təzminat tutulmasını tələb edir. Iddiaçı məhkəməyə müraciət üçün ödənilmiş 30 manatlıq dövlət rüsumunun da deputatdan tutulmasını istəyir.

Qeyd edək ki, Elmira Axundova ilə yanaşı, oğlu Həbib Axundov da məhkəməyə verilib. Digər iddiaçı Ziya Vəliyev bildirir ki, “politika” saytında və Həbib Axundovun mobil telefonundan ona göndərilmiş mesajda təhqir olunub. O da Həbib Axundovdan üzr istəməsini və 600 min manat təzminat tələb edir.

Deputat və oğluna qarşı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyev baxır.

Bu iş üzrə məhkəmənin hazırlıq iclasında cavabdeh Həbib Axundov Firuz Həşimova qarşı “Gündəlik Bakı” qəzetində dərc olunmuş məqaləyə görə qarşılıqlı iddia qaldırıb və ondan 100 min manat təzminat tələb edib.

Belə olan halda, Firuz Həşimovun nümayəndəsi Tahir Əlirzayev “Gündəlik Bakı” qəzetinin təsisçisi Habil Vəliyevin də üçüncü şəxs qismində prosesə cəlb olunması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub və Habil Vəliyev də prosesə cəlb olunub.

Bu iş üzrə bir neçə məhkəmə iclası keçirilib. Dünənki məhkəmə iclasında Elmira Axundova və oğlunun nümayəndəsi Afət Qazıyeva məhkəməyə ərizə təqdim edib. Məlum olub ki, Həbib Axundov qarşılıqlı iddiadan imtina edir. Hakim Zəfər Quliyev ərizəni qəbul edib.

Məhkəmə martın 14-də davam edəcək.

Qeyd edək ki, Fərman Məmmədov, Ziya Vəliyev, Elvin Vəliyev və digərləri olmaqla, bir qrup şikayətçi Həbib Axundov və şəriki Elnur Ibrahimov tərəfindən aldadıldıqlarını, böyük məbləğdə pullarının alınıb geri qaytarılmadığını iddia edir. Bununla əlaqədar Bakı şəhər Baş Polis Idarəsində cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.