Sahibkarlar Operativ Qərargahla “savaşa” başlayıb: - "Birdəfəlik qadağan olunmalıdır"

5-10-2021, 15:43           
Sahibkarlar Operativ Qərargahla “savaşa” başlayıb: - "Birdəfəlik qadağan olunmalıdır"
Azərbaycanda pandemiya səbəbindən tətbiq edilən karantin rejimi qaydaları çərçivəsində fəaliyyətinə qadağa qoyulan bir çox sahələrə son aylarda yumşalma tətbiq edilib.

Lakin 1,7 ildir ki, qadağa olunan qəlyanın istifadəsinə hələ icazə verilməyib. Bu səbəbdən ölkənin məşhur restoran şəbəkələri və çay evlərinin sahibləri Operativ Qərargaha müraciət ediblər. Sahibkarlar bildiriblər ki, çay evlərində gündəlik dövriyyənin 70-80 faizi qəlyandan asılı olub. Amma pandemiya dönəmində tətbiq edilən qadağa onların biznesini elə qeyd edilən faizdə geri salıb. 100-ə yaxın sahibkarın qoşulduğu müraciəti məşhur “145” və “Cafe Park” şəbəkəsi, Mütəkkə, Smoke, Dəzgah, Samovar, Mixək, Nəlbəki, Lucca, The house by Emiland, Badam, R-Club, Cuba, Arabesk, Zəmzəm, Mokka, Riposo, Üzüm, The Lodge, Çardaq, Arabesqxana, Evolution, Billioner, Deluxe, Black lounge, Karamel və digər obyektlərin sahibləri imzalayıb.

Qeyd edilir ki, bu dövr ərzində satış olmadığı üçün artıq iflas həddinə çatıblar:

“Bizə sahibkar olaraq külli miqdarda zərər dəyib, bundan asılı olaraq qazancımız olmadığı üçün dövlətə verdiyimiz vergi də əhəmiyyətli dərəcədə azalıb. Məcburiyyətdən kütləvi sayda işçi ixtisar etmişik, ümumi olaraq bu sahədə təxminən 70 faiz insan işsiz qalıb. Həmin insanların ailələri də maddi olaraq çətin vəziyyətdədirlər. Əvvəl 50 əməkdaşı olan çay evləri indi 4-5 işçi ilə işləyirlər. Qəlyan vermirik deyə digər xidmətlər də satılmır. Biz sahibkarlar yığışıb təxmini bir hesablama aparmışıq. Ölkədə 5 minə yaxın qəlyan verən obyekt var, günə orta hesabla götürsək, 30 manatdan 30 qəlyan satırdıqsa, bu gündəlik 4,5 milyon manat dövriyyə demək idi. Bu hesabla, pandemiya dövründə qəlyan qadağasına görə təxminən 2,5 milyard manatlıq dövriyyə əldən çıxıb”.

Sahibkarlar qeyd edib ki, Rusiya, Gürcüstan, Almaniya, İspaniya, ABŞ, İtaliya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və digər dünya ölkələrinin bir çoxunda restoranlara icazə veriləndə qəlyandan istifadəyə qoyulan qadağa da götürülüb. Sahibkarlar təklif edirlər ki, birdəfəlik borulardan istifadə edilməklə qəlyandan istifadəyə icazə verilsin. Onların fikrincə, bu borulardan istifadə ekoronavirusun yayılmasının qarşısını alacaq. Sifariş verən şəxsin adı və soyadı yazılmış kağız qəlyanın üzərinə yapışdırılsın. Polis də reyd keçirəndə qəlyanın kimə məxsus olduğu bilinsin.

Mövzu ilə bağlı deputat Azər Badamov Cebhe.info-ya açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər az sahələr istisna olunmaqla demək olar ki, aradan qaldırılıb:

“Təbii ki, bu, ölkəmizdə kütləvi vaksinasiyanın sürətli aparılması sayəsində yoluxma sayındakı kəskin azalmalarla bağlıdır. Bununla yanaşı, qəlyandan istifadədə məhdudiyyət qüvvədə qalmaqdadır. Birinci onu qeyd edim ki, qəlyan çəkilməsi insanlar arasında infeksiyaya yoluxma riskini artırır”.

Deputat bildirib ki, Operativ Qərargah bu məhdudiyyəti çox düzgün olaraq qüvvədə saxlayıb: “Şərt deyil ki, sahibkar mütləq qəlyan satışından pul qazansın. Qəlyan satışı olmayanda sahibkarlar qazanc əldə edə bilmirdilər ki? Sahibkarlar üçün o qədər müxtəlif sahələr var ki, məşğul olsunlar. Düşünürəm ki, bizim üçün insanların sağlamlığı hər şeydən önəmli olmalıdır”.

Azər Badamov deyib ki, subyektiv olaraq fikri çayxana və restoranlarda qəlyanın ümumiyyətlə qadağan olunmasıdır: “Çünki qəlyan insan sağlamlığı üçün zərərlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.