Tovuzda sosial müdafiə rəzaləti
12-03-2016, 12:18
Redaksiyamıza daxil olan məlumatlarda Tovuz rayon sakinlərinin sosial müdafiə baxımından bir sıra problemlərlə qarşılaşdıqları bildirilir. Vurğulanır ki, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin müdiri Rəşad Zeynalovun və onun işçilərinin bu xüsusda məqsədyönlü şəkildə yaratdıqları süni bürokratik əngəllər mövcud problemləri daha da dərinləşdirir.
Artıq dəfələrlə qeyd olunduğu kimi, bu sahədə Azərbaycan dövləti və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar mütərəqqi xarakter daşımaqla hər bir vətəndaşımızın sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Bu da aydındır ki, həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Bununla belə çox təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israralı olanlara kifayət qədər tez-tez rast gəlinir.
Müxtəlif instansiyalara, o cümlədən bizimdovr.az-a təqdim etdikləri şikayət ərizələrində Tovuz sakinləri Dövlət Sosial Müdafiə Fondunun bu rayonda fəaliyyət göstərən şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən bəhs edirlər. Xüsusi olaraq, açıqlamalarda qeyd olunur ki, şöbənin müdiri Rəşad Zeynalovun verdiyi təlimatlara əməl edərək, şöbənin əməkdaşları bura müraciət edən vətəndaşları səbəbsiz yerə get-gələ salır, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb edirlər.
Şikayətçilər iddia edirlər ki, heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun bu şöbəsində adi hal kimi qəbul edilir. Rəşad Zeynalovun özbaşınalıqlarından bəhs edən açıqlamalardan birində deyilir: “Aydındır ki, təqaüdlərin əsassız olaraq artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür bu, Rəşad Zeynalovu zərrə qədər də olsun narahat etmir. Əks halda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün şöbənin rəhbərliyi tərəfindən irəli sürülən bəzi şərtlərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Tovuz rayon şöbəsinin rəhbərlik etdiyi şöbənin fəaliyyəti obyektivyoxlanılarsa, o zaman bu kimi qanun pozuntularını təsdiqləyən bir çox dəlil və faktkar aşakrlana bilər...”
Digər tərəfdən isə, aldığımız məlumatlarda mənbələr şöbə müdirini müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verməkdə ittiham edirlər. Bildirilir ki, Rəşad Zeynalov həmin müəssisə rəhbərləri ilə razılığa gələrək, rəsmi sənədlərdə bu və ya digər müəssisədə işləyən fəhlələrin sayının real saydan xeyli az göstərilməsini təmin edir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişlərindən, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Nəticədə, Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı da, nəğd şəkildə Rəşad Zeynalova təqdim edilir. Düşünürük ki, əlaqədar orqanlar yerli sakinlərin şikayətlərini nəzərə alaraq bu qurumun fəaliyyətini ən ciddi şəkildə təftiş etməli və yer almış neqativ halların aradan qaldırılması istiqamətində təcili tədbirlər görməlidirlər.
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.