Əlil-şəhid ailələrindən Hacıbala Abutalıbova müdhiş dəvət...
12-03-2016, 18:36
Bakının Nərimanov rayonundakı Əhməd Rəcəbli - 46 ünvanında əlil və şəhid ailələri üçün tikilən evi məmur - oliqaxların zəbt edib, yerində kommersiya obyektləri, villalar tikməsindən çox yazılıb.
Fikir verin, reabilitasiya amacı ilə əlillərə verilən evin nə pandüsü var, nə kanalizasiyası, nə istirahət guşəsi, nə də ağacı-yaşıllığı. Nazirlər Kabinetinın müvafiq qərarına görə əlillər kompakt yaşayan yerlərdə işıqforların qoyulması mütləq olsa da, adi piyada zolağı da “yaddan çıxıb”, piyada yolu, yeraltı, yaxud yerüstü keçid qoyulmayıb, dayanacaq köşkünü isə 5 ildir kommersant məmurlar oğurlayıb, şəxsi-xidməti maşınlarına (NK, PA-ya aid 10 AA-288, 10 PP-288 və s.) dayanacaq ediblər.
Qanunun tələbinə görə əlillərə verilən evlər reabilitasiya - müalicə müəssisələrinə yaxın olmalı olduğu halda, sözügedən ev tikinti meydanına dönüb, poliklinikalarının yerini belə bilmirlər. Evin yaxınlığında - Ə.Rəcəbli küçəsində 20 saylı Mənzil İstismar Sahəsi (MİS) olduğuna baxmayaraq, əlillərə “qayğı-diqqət” göstərib, onları diqqətdən və evdən uzaq 30 saylı MİS-ə təhkim ediblər.
"Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə əlillərə sahibkarlıq, qaraj tikintisi üçün yer “tapmayan” icra hakimiyyəti zəbt olunan evin işğalını davam etdirirlər. Hazırda həmin ərazidə villa tikintisi geniş vüsətlə davam etməkdədir. Bağlantılı qurumlar - BŞİH, FHN, Dövlət Arxitektura Komitəsi, Ombudsman, BMT-nin Bakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi, ƏƏSMN, ümumiyyətlə hökumət susur.
Prezidenti isə nə bu evdən, nə də işğaldan hali ediblər. Axı evi elə hakimiyyətdəkilər özləri zəbt ediblər! BŞİH başçısına konstitusion kütləvi görüşmək - toplaşmaq hüquqlarının təminatı ilə bağlı dəfələrlə müraciət edən əlillər bu yol başçı Hacıbala müəllimin özünü 19 mart 2016-cı ildə evlərinə (papaq atmağa) “qonaq” çağırıblar.
Görəsən, paytaxt meri “Novruz qonaqlığı”na gələcəkmi?
Gəlməsə, əlil-şəhid ailələri özləri Prezident Administarasiyasına, Nazirlər Kabinetinə, BŞİH-ə yürüş edib, ”papaq atmalı” olacaqlar...
Məğrur Bədəlsoy