Nazirlik acizliyini etiraf edir

14-03-2016, 11:26           
Nazirlik acizliyini etiraf edir
Bu yaxınlarda bir sıra KİV-lərdə Qarabağ müharibəsi veteranı Sərxan Tahirzadənin bəyanatı dərc olunmuşdu. Hər iki ayağını Qarabağda itirən müharibə veteranı Azərbaycanın dövlət məmurları tərəfindən onun taleyinə göstərilən laqeydlikdən və iş tapa bilməməyindən gileylənirdi. S.Tahirzadə öz sağlamlığını Azərbaycanın ərazi bütövlüyünə qurban verib. Təbii olaraq, məhz dövlət onun ehtiyacını təmin etməlidir. Ayaqlarından məhrum olan Qarabağ müharibəsi veteranını iş axtarmağa nə vadar edir? “Sərxan Tahirzadə özünə iş axtarmağa məcburdur, çünki ona ödənilən təqaüdlə yaşamaq mümkün deyil”, – deyə Vətən Müharibəsi Veteranları Birliyinin sədri Firidun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda I qrup müharibə əlili 160-200 manat pensiya alır. “Əlillər həmçinin 160 manat həcmində prezident təqaüdü alır”, – deyə təşkilat sədri bildirib. Məmmədovun sözlərinə görə, II qrup əlilləri isə 130-160 manat təqaüd alırlar. “Prezident təqaüdü isə 143 manatdır”, – deyə F.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, III qrup əlillərin təqaüdü 100-130 manat, onlara verilən prezident təqaüdü isə 110 manatdır: “Bu pul onların dərmanlarına güclə çatdır. Həmçinin, yeməli, içməli, paltar almalıdırlar”. “ Sərxan Tahirzadə iş tapa bilmədiyini deyir. Məgər dövlət Qarabağ müharibəsi veteranlarını işlə təmin etməyə borclu deyil?” – deyə əməkdaşımız soruşub. “Hələ Sovet dövründən Azərbaycanda “Əlillər üçün kvota haqqında” Qanun var. Bu qanuna görə, özəl və dövlət müəssisəlrəində iş yerlərinin 5 faizi əlillərə ayırılmalıdır. Amma qanunun bu tələbi yerinə yetirilmir”, – deyə F.Məmmədov cavab verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi sözügedən qanunun icrasına nəzarət etməlidir. Bəs niyə Dövlət Əmək Müfəttişliyi “Əlillər üçün kvota haqqında” Qanunun icrasına nəzarət edə bilmir? “Ötən ilin noyabr ayından bütün yoxlamalar dayandırılıb”, – deyə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Maxarov bildirib. “Amma noyabra qədər siz yoxlama aparırdınız”, – deyə qeyd etdik.

“Azərbaycanda 300 minə yaxın işəgötürən var, amma biz cəmi 5 minə yaxın işəgötürəni yoxlaya bilirik”, – deyə Maxarov vurğulayıb.

Hüquq müdafiəçisi Murad Sədrəddinovun sözlərinə görə, əgər dövlət strukturu üzərinə qoyulan öhdəliyi yerinə yetirməkdə aciz olduğunu bəyan edirsə, onda həmin qurum ya bağlanmalıdır, ya da yenidən qurulmalıdır.qafqaznevs/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.