Nazirlikdən bahalaşma xəbərinə reaksiya
14-03-2016, 21:11
Bayram yarmarkalarında qiymətlər marketlərdən 30% ucuzdur.
Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Yarmarkalarda qiymətlərin baha olması ilə bağlı sakinlərin şikayətinə münasibət bildirən nazirlik rəsmisi bahalaşmanın yalnız alma satışında qeydə alındığını bildirib.
M.Hacıyevin sözlərinə görə, digər məhsulların qiyməti münasibdir: “Bayram yarmarkalarında yumurtanın qiyməti 10-11 qəpik, qoz ləpəsi 7-11 manat, fındıq ləpəsi 9-11 manat, mal əti 5.50 manat, qoyun əti 6 manat, quş əti 2.30-3 manat civarında dəyişir.
Portağalın qiyməti 1,80-2 manat arası dəyişir. Kartofun qiyməti 50-80 qəpikdir. Ağartı və ət məhsullarının qiyməti dəyişməyib, stabil qalıb”,- deyə nazirlik sözçüsü bildirib.
M.Hacıyev əlavə edib ki, marketlərdə 16 manata satılan kişmiş qurusu yarmarkalar 6-8 manata müştərilərə təklif edilir.
Sakinlər isə yarmarkalarda qiymətlərin bahalaşmasından şikayət edirlər.