250 min manata qədər dövlət əmlakını mənimsəmək olar?

17-03-2016, 20:44           
250 min manata qədər dövlət əmlakını mənimsəmək olar?
Azərbaycanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı yeni cəzalar tətbiq olunacaq. Bununla bağlı Cinayət Məcəlləsinə yeni 308-1 maddəsinin əlavə edilməsi də təklif olunur.

Maddəyə görə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8000 manatdan 10 000 manata qədər cərimə ediləcək, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası veriləcək.

Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Külli miqdarda vəsait isə 250 min manat və daha çox məbləğ nəzərdə tutulub.

250 min manata qədər dövlət əmlakını mənimsəyənə yüngül cəzanın verilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, dövlət əmlakının mənimsənilməsi ilə bağlı ayrıca bir maddənin Cinayət Məcəlləsinə daxil edilməsi çox əhəmiyyətli məsələdir:
“Çünki bu gün təəssüf ki, bir sıra hallarda müxtəlif məmurlar tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı qeyri-qanuni fəaliyyətlərə yol verilir. Artıq bunun birbaşa korrupsiya əleyhinə cinayətlər səhifəsinə daxil edilməsi ilə, korrupsiya əməli olması faktına birmənalı yanaşılır. Sanksiyalara gəlincə isə nə zaman ki, maddi zərər var, həmin yerdə maddi sanksiyaların tətbiq edilməsi daha məqsədə uyğundur. Belə olan təqdirdə, birincisi həmin şəxslərin verdikləri zərər dövlətə qaytarılır, ikincisi üzərilərinə əlavə maddi öhdəliklər qoyulur. Bu hal isə onları gələcəkdə bu tipli hərəkətlər etməkdən çəkindirə bilər. Çünki bir çox şəxslər müəyyən müddət azadlıqdan məhrum edildikdən sonra, zərərin ödənilməsi üçün addım atmırlar. İndiki halda həm dəymiş zərərin ödənilməsi, həm də əlavə olaraq maddi sanksiyaların tətbiq edilməsi müsbət və vacib haldır. 250 mindən aşağı olan məbləğdə vəsaiti mənimsəyənlər də 8-10 min arası əlavə vəsait ödəyirlər. Həmçinin onlar da dəymiş zərəri tam ödəyirlər. Şübhəsiz, bir müddət keçdikdən sonra, bu maddənin necə işləməsi məlum olacaq. Əgər doğrudan da praktika 250 min-dən az dövlət əmlakını mənimsəmə halları çox olacaqsa, şübhəsiz ki, o zaman sanksiyanın da artırılması lazım olacaq. Lakin hələ ki, ilkin hazırda nəzərdə tutulan sanksiyalara da normal baxmaq olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.