İCRA BAŞÇILARININ YENİ “QARA SİYAHISI” – 8 icra başçısı haqda qovluqlar hazırdır
18-03-2016, 02:17
“Ölkə rəhbərliyinin etimadını doğrultmayan icra başçılarının işdən çıxarılması üçün qovluqlar hazırlanır”. Bu barədə müsavat.com-un yaydığı məlumatda bildirilir. Yazıda daha sonra bildirilir:
“Belə başçılar sırasında ilk yerlərdə Masallının icra başçısı Rafil Hüseynov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Füzulinin icra başçısı Alı Alıyev, Şirvanın icra başçısı Mərdan Camalov, Goranboyun icra başçısı Nizaməddin Quliyev, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Zərdabın icra başçısı Lütfəli Babayev, Ağcabədinin icra başçısı Şahin Məmmədov qərarlaşıblar.
Ötən ilin sonlarından etibarən hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar vardı. Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək. Artıq proses başlayıb. Ləng də olsa icra başçılarını vəzifədən çıxarırlar.
Adlarını sadaladığımız icra başçıları ölkə rəhbərliyinin etimadını doğruldub xalqın güzəranını dirçəltmək, sahibkarlara fəaliyyət göstərmələri üçün şərait yaratmaq əvəzinə rayonlarda sosial-iqtisadi durumu ağırlaşdırıblar. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait ən müxtəlif maxinasiyalarla mənimsənilib, başçıların şəxsi biznesinə yatırılıb.
Məsələn, Gədəbəyin icra başçısı Ramiz Yediyarov yerli sahibkarları rayondan didərgin salmaqda ad çıxarıb. İcra başçısı özünə və gözünə xoş gəlməyən sahibkarın obyektini dağıdır. Məsələ məhkəmə müstəvisinə gələndə isə yaxasını kənara çəkib digər yerli qurumları qabağa verir. Vurulan ziyana görə cərimələnən dövlət qurumu olur deyə kompensasiya məbləği də dövlət büdcəsindən gedir. Halbuki sahibkarın obyekti fəaliyyətdə olardısa, obyektdən yerli büdcəyə də gəlir daxil olardı. Bunun əvəzində bu gün 44 gədəbəyli sahibkar Bakıda dövlət qurumlarına aylardır ki, dayanmadan şikayət edirlər. İstədikləri isə icra başçısının qanunsuzluqlarına son qoyulmasıdır.
Masallıda da eyni vəziyyətdir. Rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan milyonların taleyi qaranlıqdır. Dəfələrlə bu mövzu gündəmə gəlsə də, pulların taleyindən xəbər çıxmır. Rafil Hüseynovun gördüyü işlər isə yerli sahibkarların ziyanına işləyib. Məsələn, rayon ərazisindəki bir neçə yolun təmiri yaxınlıqdakı bütün dükan sahiblərinə ziyan vurmuşdu. Bununla bağlı sahibkarlara ciddi ziyan dəydiyindən onlar icra başçısının qanunsuz əməllərə son qoyulmasını tələb etmişdilər. Lakin icra başçısı onların tələblərini dinləməyib. Rafil Hüseynov yerli sahibkarların fəaliyyətini iflic edib və özünün çörək köşklərinin sayını artırmaqla məşğuldur.
R.Hüseynovun rayondakı çörək zavoduna şərik olmasını bilməyən yoxdur. İcra başçısı bir müddət əvvəl rayon ərazisində çörək monopoliyası yaratmaq üçün təndirxanaları və çörək sexlərini bağlatdırmağa girişmişdi. Gündəlik 5-10 manat qazancları əllərindən çıxan çörəkçilərin ciddi etirazları Bakıya çatandan sonra R.Hüseynovun inhisarçılığının qarşısı alındı.
Barələrində qovluqlar toplanan başçıların iş prinsipləri demək olar ki, bir-birini təkrarlayır. Mərkəzi büdcədən rayon büdcələrinə ayrılan vəsait mənimsənilir, əvəzində sahibkarlardan xərac toplanılması, şəxsi maraqların təmin olunmasına yönəlik addımlar atılır. Bu əməllər rayonlarda elə belə də ağır olan sosial-iqtisadi durumu dözülməz həddə qədər ağırlaşdırır. Görünən odur ki, icra başçılarının “təmizlənməsi” prosesi başladılıb. Yerlərdəki “balaca padşah”lar tutduqları vəzifələrdən çıxarılırlar. Qalır yeni kadrların əvvəlki qaydalarla işləməkdən imtina edib xalqın güzəranını yaxşılaşdırmağa yönəlik işlər görməyə, sahibkarlara şərait yaratmağa həvəs göstərmələri. Yalnız bu halda yeni təyinat alan başçılar ölkə rəhbərliyinin etimadını doğrulda bilərlər.