Nasaz avtomobil sürənlər cərimələnəcək - gözlənilən və zəruri qərar...

3-12-2021, 12:27           
Nasaz avtomobil sürənlər cərimələnəcək - gözlənilən və zəruri qərar...
Mayis Əliyev: “Orta hesabla ölkənin avtomobil parkının 20-25 faizi tam yararsızdır”

“Nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Yol hərəkəti təhlükəsizliyi məsələləri hər kəsin maraq dairəsindədir”. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli media nümayəndələrinə açıqlamasında qeyd edib.

A.Əsgərli deyib ki, bu, “Yol Hərəkəti Haqqında Qanunun 36 və 37-ci maddələrində təfsilatlı qeyd olunub: “Qanunda sürücü baş verən yol nəqliyyat hadisəsindən yayınmaq üçün maksimum imkanlarını səfərbər edib yayınmalıdır kimi tələbin olması sonrakı istintaq proseslərində bir çox sualların cavablandırılmasını tələb edir. Çünki bu tələb daha sonra hadisənin nəticəsindən (yəni xəsarətin az ağır və ya ağır dərəcəsi, eləcə də ölümlə nəticələnən yol nəqliyyat hadisələrində başlanılan cinayət işlərində) asılı olaraq, prosessual şəxsin əsas suallardan birinə çevrilir. Baş vermiş hadisənin səbəb-nəticə əlaqəsi müəyyən edildikdə adıçəkilən qanunun hansı tələbinin pozulması mütləq öyrənilir və sübutların qiymətləndirilməsində bu məsələ həlledici rol oynayır”.

Danılmaz faktdır ki, yol qəza hadisələrinə səbəb olan faktlardan biri də nasaz avtomobillərdir. Bu səbəbdən də nasaz avtomobillərlə bağlı qaydaların sərtləşdirilməsi ekspertlər tərəfindən təqdir olunur.

“Dünyada qəbul olunmuş standarta əsasən, avtomobil istismara yararsızdırsa, istifadə edilməməlidir, bizdə bu yanaşma yoxdur”

Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, “Yol Hərəkəti Haqqında” Qanunda göstərilən tələblərə uyğun olmayan avtomobili idarə etmək olmaz. Dünyada qəbul olunmuş standarta əsasən, avtomobil istismara yararsızdırsa, istifadə edilməməlidir: “Bizdə bu yanaşma yoxdur, lakin bu mədəniyyəti gətirmək lazımdır. Bu gün ölüm və xəsarətlə nəticələnən qəzaların əksəriyyəti texniki standarta uyğun olmayan avtomobillər səbəbindən baş verir. Məlumat üçün bildirim ki, Rusiya və Sovet istehsalı avtomobillərin 20-30 faizi istifadəyə tam yararsızdır. Bunların əksəriyyəti rayonlardadır, Bakıda da belə avtomobillər var. Orta hesabla ölkənin avtomobil parkının 20-25 faizi tam yararsızdır. Rayonlarda bu avtomobilləri kənd içində istifadə edirlər. Taksi fəaliyyəti göstərənlər də var”.

Ekspertin sözlərinə görə, problemdən çıxış yolu bununla bağlı dövlət proqramının qəbul edilməsidir: “Bu məsələdə inzibati nəzarət mühüm rol oynayır. Bu gün avtomobillər texniki baxışdan keçir. İstismara yararsız avtomobil sahibinə onu utilizasiya etmək tövsiyə edilməlidir”.

Günel CƏLİLOVA
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.