“Fərqi yoxdur, paytaxtdır, yoxsa əyalətdir, küçələr işıqlandırılmalıdır ki, ölümlər azalsın...” - AZƏRBAYCAN YOLLARININ “QARANLIQ” PROBLEMİ

26-01-2022, 13:03           
“Fərqi yoxdur, paytaxtdır, yoxsa əyalətdir, küçələr işıqlandırılmalıdır ki, ölümlər azalsın...” -
Azərbaycanda baş verən yol qəzalarının əhəmiyyətli hissəsini piyadaların vurulması təşkil edir və hər il açıqlanan statistikada həm paytaxt küçələrində, həm regionlarda yüzlərlə piyadanın həyatını itirməsi əks olunmaqdadır. Piyadaların vurulmasının isə bir çox səbəbləri var- sürücü diqqətsizliyi və ya cinayətkarcasına məsuliyyətsizliyi, sürət həddinin aşılması, sürət rejiminin hava şəraitinə və sutkanın qaranlıq vaxtına uyğun seçilməməsi, piyada səhlənkarlığı, onların yolu piyada keçidi üçün nəzərdə tutulmayan yerlərdən keçməsi, yerüstü və yeraltı piyada keçidlərinin azlığı, yaşayış məntəqələri daxilindən keçən yollarda piyada səkilərinin bir çox hallarda mövcud olmaması və s.



Amma yollarda baş verən faciəli ölümlərin bir başlıca səbəbi də var ki, bu Bakı küçələrinin, eləcə də respublikanın digər şəhər və rayondaxili yollarının, magistralların işıqlandırılmaması, yaxud çox zəif işıqlandırılmasıdır. Hansı ki, bu problem illərdir müzakirə olunur və bir neçə il əvvəl prezident İlham Əliyev də Bakıda küçələrin işıqlandırılması səviyyəsinin aşağı olduğunu vurğulamışdı, problemin aradan qaldırılması üçün aidiyyatı strukturlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə göstərişlər vermişdi.

Sirr deyil ki, paytaxtın mərkəzi yolları, küçələri işıqlandırılsa da, mərkəzdən kənar ərazilər, o cümlədən şəhərətrafı yollar zəif işıqlandırılır, yaxud ümumiyyətlə zülmətə bürünür. Məsələn, redaksiyamıza müraciət edən sakinlər bildirilər ki, Zığ-Hövsan-Hava Limanı beton yolun Zığ kəndinə gedən istiqamətində qaranlıq saatlarında işıqlar tez-tez söndürülür, yaxud işıq dirəyindəki lampa o qədər zəif yanır ki, öz ətrafını işıqlandırmağa belə yetmir. Belə hallar bəzən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanından paytaxtın mərkəzinə doğru uzanan, “aeroport yolu” kimi tanınan mərkəzi prospektdə də baş verir. Eləcə də Binəqədidə, Suraxanıda, Abşeron rayonu ərazisindəki küçələrin çoxunda, məhəllədaxili yollarda işıqlandırmanın ümumiyyətlə mövcud olmadığı bəllidir.



Yol hərəkətinin təşkili üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov da təsdiq edir ki, sutkanın qaranlıq saatlarında küçələrin işıqlandırılmaması hərəkət iştirakçıları üçün ciddi çətinliklər, insan həyatı üçün risk yaradır.

“Piyada vurulması ilə nəticələnən qəzalarının üçdə ikisi sutkanın qaranlıq saatlarında baş verir. Lakin küçələr lazımi səviyyədə işıqlandırılarsa bu halların təxminən 70 faizinin qarşısını almaq mümkündür”, - ekspert bildirib.

Ə.Hüseynov deyib ki, yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul edilib. Proqramda qeyd olunur ki, yaşayış məntəqələrinin yolları, küçələri, prospektləri işıqlandırılmalıdır: “Dünyanın hər yerində qəbul olunmuş standartlar, yaşayış məntəqəsinin salınmasının, yaxud abadlaşdırılmasının qaydaları var. Fərqi yoxdur, bura paytaxtdır, əyalətdir, rayon mərkəzidir, qəsəbədir və ya kənddir, küçələr işıqlandırılmalıdır. Bu, ictimai təhlükəsizlik, insan həyatının qorunması məsələsidir. Hətta yaşayış məntəqəsindən kənar yollar da işıqlandırılmalıdır qəza riski azalsın. Ölkənin beynəlxalq əhəmiyyətli magistral yollarında işıqlandırmanın olmamasına nə izah vermək olar? Məsələn, Bakı-Qazax magistralında. Hansı ki, az qala hər gün bu magistralın Kürdəmir, Ucar, Yevlax və digər rayonlardan keçən hissələrində sutkanın qaranlıq saatlarında piyada vurulması hadisələrini eşidirik”.

Ekspert əlavə edib ki, işıqlandırma ilə bağlı problem əksər ərazilərdə müşahidə edilir. Məsələn, Bakının bir neçə prospektini çıxmaqla digər ərazilər lazımi səviyyədə işıqlandırılmır. Eləcə də Abşeronda küçə və yolların əksəriyyəti ya işıqlandırılmır, ya da zəif işıqlandırılır. Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə də işıqlandırma problemi mövcuddur.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli isə bildirib ki, ötən il piyada vurulması ilə nəticələnən qəzaların təxminən 60-65 faizi sutkanın qaranlıq saatlarında qeydə alınıb. Bundan əlavə, tədqiqatlar sübut edir ki, qəzalar əsasən həftənin beşinci və altıncı günləri daha çox olur. Çünki şəhərin şimal-cənub qapısında hərəkət intensivləşir. A.Əsgərli deyib ki, DYP tərəfindən qəzaların qarşısının alınması üçün mütəmadi tədbirlər keçirilir, maarifləndirmə aparılır. Sürücülərə, o cümlədən piyadalara sutkanın qaranlıq saatlarında xüsusilə diqqətli olmaq tövsiyə edilir. Çünki qaranlıq görmə məhdudiyyəti yaradır, sürücü diqqətsizliyi, piyada səhlənkarlığı faciə ilə nəticələnir.

“İdarə tərəfindən 3500 ərazidə müayinə aparılıb, irad və təkliflər hazırlanaraq aidiyyatı təşkilatlara çatdırılıb. Bura o cümlədən küçələrin işıqlandırılması ilə bağlı problemlər də daxildir”, - A.Əsgərli deyib.

Bəs yolların, küçələrin işıqlandırılmasına nəzarət, cavabdehlik hansı strukturun üzərindədir? Bu sahədə əsaslı dönüş nə zaman baş verəcək?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, küçə və prospektlərin yalnız hərəkət hissəsinə bu agentlik cavabdehdir. İşıqlandırma sistemləri isə yolun səki hissəsində olduğuna görə agentliyin nəzarətində deyil.
“Bakı dairəvi yolu, Bakı-Sumqayıt, o cümlədən Bakı-Ələt yolunun bir hissəsinə biz baxırıq. Demirəm ki, bu yollarda işıqlandırma ilə bağlı problemlər heç vaxt yarana bilməz, problem yaranırsa, dərhal həll edilir”, - Nəcəfli deyib. O, qeyd edib ki, yolların tikintisi zamanı işıqlandırma sistemi layihəyə salınıbsa, bu sistem agentlik tərəfindən qurulur, amma işıqlandırma sistemlərinin istismarına nəzarəti onlar həyata keçirmir.

Bakı Şəhər İcra hakimiyyətindən isə bildiriblər ki, 2021-ci il ərzində Bakı şəhərinin inzibati ərazisində müvafiq təhlillər aparılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Bakı Abadlıq” MMC-yə müasir tipli işıqlandırıcılardan istifadə etməklə 620 küçənin işıqlandırılması üçün sifariş verilib: “780 kilometrlik məsafəni əhatə edən 620 küçənin işıqlandırılması təmin edilib”.

Meriyadan əlavə ediblər ki, küçə və prospektlərin, məhəllədaxili ərazilərin, o cümlədən parkların işıqlandırılması Dövlət Proqramında təsdiq olunmuş qrafikə uyğun həyata keçirilir. Elektrik enerjisindən səmərəli istifadə etmək məqsədilə gecənin müxtəlif saatlarında ərazilərin işıqlandırılması hissəli işıqlandırma sisteminə keçməklə təmin edilir. Bu zaman insanların və avtomobillərin hərəkət intensivliyi nəzərə alınır. /virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.