Banklar xarici valyuta ilə əmanət faizlərini nə məqsədlə azaldır?....

31-01-2022, 18:42           
Banklar xarici valyuta ilə əmanət faizlərini nə məqsədlə azaldır?....
Əkrəm Həsənov: “Son zamanlar banklar əhaliyə kredit verməkdə çətinlik çəkir”

Azərbaycan bankları xarici valyutada qoyulan əmanətlər və depozitlər üzrə faizləri bir qədər də azaldıb. Bu hal xarici valyutada banklara qoyulan depozit və əmanətlər üzrə gəlirliliyi azaltmaqla bərabər, onların real dəyərinin kiçilməsinə də səbəb olur. Qeyd edək ki, faiz azalması həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin depozitlərində müşahidə edilir.

Məlumat üçün bildirək ki, 2020-ci ilin sonunda dollarla olan əmanətlər üzrə faizlər illik 2,1 olduğu halda, hazırda 1,8-dir. Hüquqi şəxslərin depozitlərinə də təklif edilən faizlər də azalır. Əvvəllər dollarla qoyulan depozitlərə görə 1,15 faiz gəlir əldə edən hüquqi şəxslər indi 1 faiz gəlirlə kifayətlənirlər.

2021-ci ilin sonunda depozit və əmanətlərin həcmi 29,03 milyard manat olub ki, bunun da 50,6 faizi manatla saxlanılır. Əhalinin əmanətlərində də manatla olan vəsaitin payı artır. Bir il əvvəl əhalinin banklarda olan 8,18 milyard manatının 49,25 faizi milli valyutada saxlanılırdısa, 2021-ci ilin sonunda 9,241 milyard manata yüksələn əmanətlərin 59 faizi milli valyutadadır.

Ekspertlər bildirir ki, depozit və əmanətlərin faiz səviyyəsi həmin vəsaitlərin real dəyərinin qorunmasına birbaşa təsir edir.

“Əhali milli valyutaya daha çox etibar etdiyi üçün manatla əmanət yatırmağa üstünlük verir”

Xarici valyuta ilə qoyulan əmanətlərin faiz dərəcəsinin nə səbəbdən azalması barədə fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, son zamanlar banklar əhaliyə kredit verməkdə çətinlik çəkir. Mövcud qaydalara əsasən, əhalinin gəliri xarici valyutadırsa və ya banka qoyduğu depozit dollarladırsa xarici valyutada kredit verə bilər: “1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib.

Sadə vətəndaşlardan fərqli olaraq sahibkarlar xarici valyutada kredit götürmək istəmir. Həmçinin,əhali milli valyutaya daha çox etibar etdiyi üçün manatla əmanət yatırmağa üstünlük verir. Əhali devolvasiya olma ehtimalından qorxduğu üçün manata daha çox önəm verir”.

Günel CƏLİLOVA
bakixeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.