“Parklanma ilə bağlı cərimələrdən narazılıq çoxdur”

1-02-2022, 00:06           
“Parklanma ilə bağlı cərimələrdən narazılıq çoxdur”
“Hamını ucdantutma cərimələmək fayda verməyəcək”

“Demişəm, yenə də təkrar edirəm, cərimə vəziyyətdən çıxış yolu deyil”

Hazırda Azərbaycan cəmiyyətində tez-tez tənqid atəşinə tuş gələn qurumlardan biri də məhz Bakı Nəqliyyat Agentliyidir. Adıçəkilən təşkilatla bağlı az qala cəmiyyətin bütün təbəqəsi- fəhlə, usta, həkim, müəllim, deputat, jurnalist narazılıq ifadə edir. “525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev də BNA-dan şikayətlənib. O, bu barədə özünün Feysbuk səhifəsində yazıb:

"Bir dəfə mətbuat ximətinin rəhbəridir deyə həmkar bilib, işinin məsuliyyətini anlayan adam sayıb Mais Ağayevə də yazmışdım, vecinə də almadı. Yenə deyirəm: BNA-nın sürücüləri özlərini çox tərbiyəsiz aparır. Şirkət də ki camaatı barmağına dolayıb. A kişi, 40 dəqidə interval olar? Cammat 40 dəqiqəyə kosmosa gedib gəlir, uşaq əkir, siz bir xətti idarə edə bilmirsiniz. Hə, bir də hamı sizin qurumdan çox qəzəblidir, Mais Ağayev! Və siz də icimaiyyətlə əlaqələrə cavqbdeh şəxs heç tükünüzü də tərpətmirsiniz".

Məsələ ilə bağlı “Sherg.az”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, parklanma ilə bağlı cərimələrdən narazılıq edən çoxdur:

“Hər dəfə yeni bir addım atılanda, orada müəyyən narazılıq və problem yaranır. Xüsusilə də əgər burada cərimə məsələsi varsa, etiraz mütləq baş qaldırır. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda əsasən parklanma ilə bağlı cərimələri çox yazır. İnsanlar da bundan narahat və narazıdır. Bu da təbiidir. Sabah eyni cəriməni yol polisi yazsa, ondan da narazı olacaqlar, bələdiyyə yazsa, onu da tənqid edəcəklər ki, düz etmir. Mən də başa düşürəm ki, düz etmir. Çünki parklanma üçün birinci növbədə şərait yaratmaq lazımdır, ictimai nəqliyyat sahəsində nəqliyyatı qaydaya salmaq gərəkir. Taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyət yoluna qoyulmalıdır. Bunların hər birinə eyni vaxtda başlanması və hamısının da yarımçıq qalması tənqidi məqamları ortaya çıxır”.

Ekspert BNA-nın yarandığı gündən xeyli iş gördüyünü vurğulayıb:

“Məsələn, avtobus parkının yenilənməsi, avtobuslarda kart sisteminə keçid, sürücülərin nəzərət altında olması BNA-nın gördüyü işlərdir. Ancaq istənilən halda əgər cərimə məsələsi varsa, mütləq tənqid olacaq. Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında məgər onu tərifləyirdilər?! Hər gün Ziya Məmmədovu “ağ yuyub, qara sərirdilər”. Eyni zamanda onun mətbuat katibi Namiq Həsənovu da tənqid edirdilər. İndi eyni işi BNA görür, hücumu ona edirlər. Yəni bizim cəmiyyət belədir. Kim ona cərimə yazırsa, ondan narazıdır. Meşəbəyi ağacı kəsənə belə cərimə yazanda, ondan da narazılıq edirlər. Adam var ki, boş-boşuna gün ərzində 500-1000 manat xərcləyir, onu yandırmır. Amma telefonuna cərimə mesaj gələndə o da narazı qalır. BNA Bakını yenidən söküb - tikə bilməz. Çünki Bakıda BNA-dan da böyük, daha çox sözü keçən məmurlar, oliqarxlar var ki, gecəylə bina inşa edirlər, səkidə dönərxana tikirlər, avtobus dayanacağında peraşki köşkü qoyurlar. Bununla da razı deyiləm ki, BNA layihə işləyən kimi Avropa ölkələri və başqa ölkələrlə özünü müqayisə edir. Dəfələrlə onların ən vəzifəli şəxlərinə demişəm ki, siz müxtəlif ölkələri misal gətirirsiniz. Deyirlər ki, bəli. Cavab verirəm ki, həmin ölkədə heç kim səkidə bina tikmir. Amma Azərbaycanda tikirlər. Elə ölkələrdə avtobus dayanacaqlarında dönər satmırlar, aptek tikmirlər. Amma bizdə bunu edirlər və heç kim də ona heç nə demir. Ona görə bu situasiyada BNA Avropa yox, lap Marsda olan bir yeniliyi gətirib Azərbaycana tətbiq etmək istəsə, bunun effekti olmayacaq. Avtomobilləşmə də sürətlə gedir. Çünki ictimai nəqliyyat bərbad vəziyyətdədir. Məcbur qalıb avtomobil alan insanlar var. Elə insanlar olur ki, uşaqları dərsə çatdıra bilmədiyinə görə kreditlə müəyyən şərtlər daxilində avtomobil alır”.

E.Muradlı BNA-nın görməli olduğu işləri də sadalayıb:

“Birinci, ictimai nəqliyyatı qaydaya salsınlar, ictimai nəqliyyatın digər növlərini yaratsınlar, trolleybus, tramavay kimi xətləri işə salsınlar. Amma bunu edə bilmirlər. Çünki məmurlar artıq şəhərin mərkəzində elə binalar tikib ki, orada artıq tramvay, trolleybus hərəkət edə bilməyəcək. Belə olan halda hamını ucdantutma cərimələmək fayda verməyəcək. Demişəm, yenə də təkrar edirəm, cərimə vəziyyətdən çıxış yolu deyil. Ölkə rəhbəri də çıxışında bəyan edib ki, əvvəlcə şərait yaratmaq, sonra cərimələmək lazımdır. Biz hələ ki, o şəraiti görmürük”.
QEYD: Teref.az satının baş redaktoru, 2 ci qrup Qarabağ ğlili Burıddin Xoca isə BNA-nın əlil maşınlarına qarşı apardığı cərimə siyasətini pisləyib. O deyir:
" Əlillər maşın saxlayıb aptekə, marketə girə bilmirlər. O dəqiqə cəza yazılır. Bəs əlil nə etsin.Ağzınızda əlil deyirsiniz, o maşınını harda saxlamalıdır?"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.